"Ulu Öndər insanların müstəqil dövlətçilik məfkurəsini xilas etdi" ÖZƏL-ŞƏRH

12 İyun 2019 15:37 (UTC+04:00)

"1990-cı illərdə yaşamış hər bir kəs şahiddir ki, Ümummilli lideri Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın təkidi və tələbi ilə Bakıya qayıdışı gənc, müstəqil Azərbaycan dövlətini xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etdi. Bu, hər kəsin bildiyi bir faktdır. Amma mən düşünürəm ki, bu, Heydər Əliyevin fəliyyətinin yalnız bir qismidir". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, qanunsuz silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, daxildə qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycan vətəndaşında müstəqil dövlət anlayışını zədələmişdi: "İnsanlarda “biz müstəqil olsaq, yaşaya bilmərik” düşüncəsi güclənirdi. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrində, o cümlədən, iqtisadi strukturlarda böhran yaranmışdı. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yolla xaricə satılması, özəlləşdirilmə prosesi getmədiyi halda 3 mindən çox xidməti maşının məmurların şəxsi istifadə üçün mənimsənilməsi, bir sözlə, talançı yanaşma nəticəsində müəssisələr iflas olmuş, iş yerləri bağlanmış, insanlar işsiz qalıb müflisləşmişdilər. Əldə olan vəsaitlə isə, heç bir ərzaq almaq mümkün deyildi. Gündəlik tələbat məhsulu olan çörək də talonla verilirdi.

Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirildi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Daxili işlər naziri insanları qanunsuz həbs edir, məhkəməsiz 700 nəfər məhbusu azadlığa buraxıb, silahlandırmışdı. Belələrinin hədəfləri, qurbanları isə, nə yazıq ki, sadə vətəndaşlar idilər.

Bütün bunların nəticəsi idi ki, insanların gözlərində “müstəqillik bu dimi?!” deyə heyrət dolu bir baxış yaranırdı, yəni müstəqillik ideyası gözdən düşürdü. Bu baxımdan deyə bilərəm ki, Heydər Əliyev təkcə dövləti deyil, həm də insanların müstəqil dövlətçilik məfkurəsini, müstəqillik ideyalarını, ideallarını xilas etdi. Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycan məhv olmaqdan, parçalanmaqdan, insanları ruh düşkünlüyünə qapılmaqdan xilas etdi, ölkədə asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu”.