"Küçə demokratının" "demokratikləşmə" illüziyası fiaskoya uğrayır

11 İyun 2019 17:26 (UTC+04:00)

Və yaxud Ermənistan Paşinyanın sərsəm siyasəti ilə uçuruma yuvarlanır

Hər bir ölkənin inkişafı və xalqın təhlükəsizliyi o ölkənin prezidentinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində həyata keçirilir. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük inam bəsləyir və dövlət başçısının həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Çünki Azərbaycan əhalisi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsini öz firavan və təhlükəsiz həyatında görür və ona görə də, əhali Prezidentə inanır və dövlət başçısının ətrafında sıx birləşib. Eyni zamanda, Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. Əlbəttə, bu sabitliyə və təhlükəsiz həyat şəraitinə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində nail olunub. Xalq da bunu görür və doğru seçim edir.
Ermənistan xalqı isə, hələ də bu günə kimi, bu reallığı görə bilmir və nəticədə, küçə "demokratı"nın hakimiyyətə gəlməsində nə qədər səhvlərə yol verdiyini anlamırlar. Məhz bu səbədən də, işğalçı ölkədə iqtisadi böhran və xaos dərinləşməkdədir. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə Nikol Paşinyanı səriştəzilikdə ittiham edib. Onun sözlərinə görə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında mövqelərinin zəifləməsində günahkar, məhz Paşinyandır. E.Şarmazanov bildirib ki, hərbi birlikdə itirilənlərin əsas günahkarı indiki hakimiyyətdir. Paşinyan bütün günü korrupsiya ilə mübarizə haqqında bəyanat verməklə, ölkənin təhlükəsizliyini də qurban verir.
Gürcü ekspert Mamuka Areşidze də Paşinyanın böyük siyasətdə təcrübəsinin olmadığını açıqlayıb. Onun sözlərinə görə, baş nazir səlahiyyətlərini icra edən bu şəxs hər şeyi öz əlinə alıb. O, birpartiyalı parlament yaratmağa çalışır. Amma unudur ki, böyük siyasətdə heç bir təcrübəyə malik olmaması özünü tezliklə göstərəcək.

Dağlıq Qarabağ münaqişəsinin həllində Paşinyanın sərsəm siyasəti

Məhz 20 ildən çoxdur ki, davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi getdikcə bir qədər də dalana dirənməkdədir. Səbəb isə N.Paşinyanı Ermənistanın əvvəlki prezidenti Serj Sarkisyanın dediklərindən fərqlənməyən və heç bir məntiqə söykənməyən və hüquqi əsası olmayan populist çıxışlarıdır.
Xatırladaq ki, Yerevanda baş verən etirazların fonunda Ermənistanın baş naziri Serj Sarkisyan aprelin 23-də istefa verməyə məcbur oldu. Onu yerinə isə, etiraz aksiyalarının lideri Nikol Paşinyan gəldi. Heç bir siyasi çəkisi olmayan, dərin siyasi biliyə və təcrübəyə malik olmayan bir "küçə demokratı" elə zənn etdi ki, apardığı "siyasət" "demokratiyadır". Ancaq, hələ də bu sözün mənasını anlamır.
Aclıq və səfalət içində çırpınan erməni xalqı küçədən baş nazirlik kürsüsünə gələn Paşinyana inanaraq, elə zənn etdi ki, hər şey yaxşı olacaq. Deyir, sən saydığını say, gör Paşinyan nə sayır. Bundan istifadə edən Paşinyan isə Sarkisyan hakimiyyət əleyhinə çıxışları ilə xalqın rəğbətini qazana bildi və beləcə etiraz hərəkatının liderinə çevrildi. Bir məqamı da vurğulamaq lazımdır ki, hadisələrə diqqət yetirsək, əslində, xalq heç də Paşinyanı dəstəkləmirdi, sadəcə, Sarkisyan rejimindən yaxa qurtarmaq istəyirdi. Paşinyan isə, hakimiyyətə gəlmək üçün xalqın dəstəyindən istifadə etdi və beləliklə də, Paşinyan oldu baş nazir.
Onu da xatırladaq ki, Paşinyanın baş nazir seçilməsi ilə bağlı Ermənistan parlamentində keçirilmiş birinci səsvermə Paşinyan üçün uğursuzluqla nəticələndi. Çünki Ermənistanın yuxarı dairələrində oturan şəxslər, çox gözəl anlayırdılar ki, Paşinyan kimi yüksək savadı, siyasi təcrübəsi olmayan bir şəxs Ermənistanı düşdüyü çətin durumdan çıxarmaq iqtidarında deyil. Bununla belə, etiraz edən xalqın dəstəyinə arxalanan Paşinyan ikinci dəfə keçirilən səsvermədə istəyinə nail oldu və baş nazir seçildi. Baş nazir də olsa, təfəkkürü dəyişmədii.

Paşinyandan sərsəm bəyanat: "Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqım yoxdur"

Hər kəsi indi bir sual düşündürürdü - Paşinyan ölkəni düşdüyü çətin durumdan çıxarmaq və ən əsası Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün hansı addımlar atacaq? Əslində, bu sualın cavabı əvvəldən məlum idi. Uzun illərdir korrupsiya və rüşvət girdabında boğulan, demək olar ki, heç bir resursu olmayan, xarici ianələr hesabına yaşayan bir dövlət, nəyə ümid edə bilər ki? Bunu tezliklə dərk edən Paşinyan sələfiləri Koçaryanla Sarkisyan kimi əsas diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə başladı. Onun dünən parlamentdə çıxışı zamanı dedikləri isə, siyasi səriştəsizliyini və məsələyə absurd yanaşmasını ortaya qoydu.
Paşinyan deyir ki, Dağlıq Qarabağdan çıxan azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul ediblər, Azərbaycan Prezidentinin seçilməsində iştirak edirlər və buna görə də, Azərbaycanın dövlət başçısı onların adından danışa bilər. Əgər Paşinyanın dediyi kimi, "DQR" müstəqil tərəfdirsə və Ermənistanın onu təmsil etmək haqqı yoxdursa, o zaman nəyə görə Dağlıq Qarabağda Ermənistanın hərbi hissələri yerləşir və Ermənistan vətəndaşları orada hərbi xidmət keçir? Eyni zamanda, nə üçün Dağlıq Qarabağ, faktiki olaraq, Ermənistan ordusu tərəfindən qorunur? Bu da, əsas faktordur ki, Dağlıq Qarabağ dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisidir və millətindən və dinindən asılı olmayaraq, orada yaşayan insanlar da Azərbaycan vətəndaşlarıdır. 25 ildir öz yurd-yuvalarından didərgin düşən bu insanlar harada və hansı statusda yaşamalıydılar və Paşinyan bu insanların hansı proseslərin qurbanı olduğunu bilmirmi?
Bilir, görünür, özünü sərsəm yerinə qoyur.
Göründüyü kimi, Paşinyanın hakimiyyətə gəlməsi erməni xalqına yaxşı heç nə vəd etmir. O, Ermənistanın düşdüyü çətin vəziyyətin əsas səbəbi olan Dağlıq Qarabağ münaqişənin həllini tapmaq əvəzinə, vəziyyəti daha da kəskinləşdirən addımlar atması və sərsəm bəyanatlar verməsi Qarabağda müharibənin aktiv fazaya keçməsi ehtimalını daha da artırır. Bundan ən çox ziyan çəkən tərəf isə, şübhəsiz ki, Ermənistan olacaq. O zaman isə, erməni xalqı bunun əsas səbəbkarı kimi özünün hakimiyyətə gətirdiyi Paşinyanı günahlandıracaq. Lakin artıq çox gec olacaq.
Beləliklə, yaranmış vəziyyət, onu göstərir ki, Ermənistanda Paşinyan üzərində qurulmuş illüziyalar boşa çıxıb. İndi ölkədə yeni inqilabi situasiya yetişir. Bu isə, Paşinyanda qorxu yaratmaqla yanaşı, Ermənistanın ümummilli böhranını daha da dərinləşdirəcək.

A.SƏMƏDOVA