Təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflər uğurla yerinə yetirilir

11 İyun 2019 17:12 (UTC+04:00)

Azərbaycanda dövlət təhsilin inkişafına xüsusi önəm verir. Məhz bu diqqət və qayğının fonunda təhsilin keyfiyyətinin artırılması, həmçinin, bu yöndə müxtəlif dövlət və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi birbaşa cəmiyyətimizin elmi səviyyəsinin və təfəkkürünün inkişafına xidmət edir. Həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində, ölkənin imkanları artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialı reallaşdırmağa yönəldir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflər uğurla yerinə yetirilib. Qəbul olunmuş dövlət proqramları, layihələr, aparılan islahatlar təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində mühüm rol oynayıb. Belə ki, məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında əksini tapıb. Eyni zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmiş oldu. Artıq Azərbaycanda minlərlə məktəb inşa olunub və təmir edilib. Təhsilin normativ-hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Respublikanın şəhər və rayonlarında 3200-dən çox məktəbdə tikinti, əsaslı təmir-bərpa və yenidənqurma işləri uğurla aparılıb. Bunun nəticəsində, təxminən, 1 milyondan artıq şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xeyli dərəcədə genişlənmişdir.
Hazırda təhsilin maddi-texniki bazasının təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi davam etdirilməkdədir. Tikinti, əsaslı təmir və bərpa işlərinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, dövlət başçısı 10 iyul tarixində "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikinti, əsaslı təmir və bərpa işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.17.1-ci yarımbəndində göstərilmiş 40 (qırx) milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

MODUL TİPLİ MƏKTƏBLƏRİN QURAŞDIRILMASI MƏQSƏDİLƏ DÖVLƏT BÜDCƏSİNDƏN 18 (ON SƏKKİZ) MİLYON MANAT VƏSAİT AYRILIB

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə, ilk dəfə olaraq, ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində, istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.
Cari ildə isə, daha 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzədə tutulub. Belə ki, bəzi ucqar kəndlərdə qəzalı vəziyyətdə olan məktəb probleminin aradan qaldırılması üçün modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulub. Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" 10 iyun tarixində imzaladığı Sərəncama əsasən, respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində göstərilmiş 18 (on səkkiz) milyon manat vəsait Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.
Göründüyü kimi, zəngin təbii sərvətləri olan Azərbaycanda, bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir.

Nəzakət ƏLƏDDİNQIZI