“15 iyun xalqımızın taleyində dönüş nöqtəsinə çevrilən tarixi gündür” ÖZƏL-ŞƏRH

11 İyun 2019 17:01 (UTC+04:00)

"Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edib. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Buna görə də 15 iyun Azərbaycan xalqının taleyində dönüş nöqtəsinə çevrilən tarixi gündür". Bunu SİA-ya açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

Birlik sədrinin sözlərinə görə, bu tarixin xüsusi ictimai, siyasi və tarixi əhəmiyyəti var: "Ümummilli Lider bu tarixi xalqın, millətin taleyinə qurtuluş günü kimi yazdı. Biz Ulu Öndərin verdiyi qərarların, imzaladığı sərəncamların bu günümüz üçün olan əhəmiyyətinin şahidi oluruq. Əminliklə qeyd edə bilərik ki, Ulu Öndərin uzaqgörən siyasəti bu gün cənab Prezident tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı Azərbaycanı dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevirib. Ulu Öndərin Azərbaycanın möhkəmlənməsi, müstəqilliyinin qorunub saxlanması, inkişafı naminə atdığı addımlar bu gün davam etdirilir. O vaxt xalq Ulu Öndərinə inanırdı, bu gün də xalq ölkə başçısına inanır və ona dəstək olur. Həmin dövrü xatırladıqda fərqi aydın şəkildə müşahidə edə bilirik.

Bu gün Azərbaycan gənci siyasi meydanlarda savaşmaq üçün yox, Azərbaycanı layiqincə təmsil etmək üçün çalışır. Azərbaycanın sürətli inkişafının gənclər üçün xeyli imkanlar yaratdığının şahidi oluruq. Bu gün Azərbaycan gəncinin intellektual olması, sağlam olması, təhsildə əldə etdiyi uğurlar cənab Prezidentin diqqətindədir. Həmçinin, Azərbaycan Ordusunun bugünkü gücü də göz önündədir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesinin nəticəsidir ki, Silahlı Qüvvələrimiz inkişaf edir, gücünü daha da artırır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir və bunun üçün ciddi addımlar atılır.

Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələrə nümunədir. Bu gün Azərbaycan gənci sabitlik şəraitində yaşayır. Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti mükəmməlliyi ilə seçilir. Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq olunan dövlət proqramları ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsasında hazırlanıb. Bütün bunlar möhkəm əsaslar üzərində qurulan, inkişaf etdirilən Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasətin nəticələridir".