Ermənistanda hakimiyyətdaxili qarşıdurma artıq açıq müstəviyə keçib

11 İyun 2019 16:08 (UTC+04:00)

"Həm Qarabağda, həm də Ermənistanda silahın tətiyi kimin əlində olduğu aydındır, lüləsi isə Paşinyanın başına tuşlanıb"

Son zamanlar Ermənistanla Azərbaycan təmas xəttində atəşkəsin pozulması və qarşılıqlı insan itkilərinin intensivləşməsi Ermənistanda yaranmış yeni situasiyanın nəticəsidir. Ermənistan müdafiə nazirinin Azərbaycan hərbçisinə atəş açan erməni əsgərini mükafatlandırılması barədə açıq rəsmi bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan üçün çox ciddi xəbərdarlıqdır və Ermənistanda ABŞ-ın isti qucağında qızınmağa vaxt tapmamış siyasi hakimiyyətlə hərbi hakimiyyətin başqa-başqa tezliklərdə çıxış etdiklərini pərdələməyi artıq bacarmırlar. Əslində baş nazirin bir neçə dəfə Qarabağ ermənilərini və xüsusən, müharibə "klanını" tənqid etməsi onun qorxduğu və çox ehtiyatla yanaşdığı hədəfi açıqlaması kimi qiymətləndirilməlidir.

İndi isə hazırda baş nazirə Ermənistanda siyasi və hərbi hakimiyyəti tam ələ götürmək üçün zaman və sakit, stabil mühit vacibdir. Bunun üçün Paşinyan bir yandan hərbi xüntanın təzyiqinə nisbətən, güya əsas verməmək üçün sərt ritorika və siyasi danışıqlar imitasiyası yaratmaqla vaxt qazanmağa çalışır. Amma görünür Paşinyan Medvedevi Yerevanda gecə klubunda yalnız pivəyə qonaq edə bilib, inandırmaq isə mümkün olmayıb.

Ermənistanda və Qarabağda hərbi hakimiyyəti Rusiya heç kimə güzəştə getməyə hazırlaşmır və bu heç kəsə sirr deyil. Ermənistan müdafiə naziri David Tonoyan bütün hüquqi, siyasi prosedurları bilərəkdən kobudcasına pozaraq təmas xəttində Azərbaycan hərbiçisinə atəş əmrini şəxsən verməsi və bunun müqabilində həmin erməninin mükafatlandırması yeni siyasi situasiyaya keçid kimi qiymətləndirilməlidir. Hərbi hakimiyyətin baş nazirə açıq təzyiqidir. Əslində bunlar Paşinyanın siyasi reytinqinin tam düşməsini gözləməyə çox da həvəsli olmadıqlarını gizlətmirlər. Həm Qarabağda, həm də Ermənistanda silahın tətiyi kimin əlində olduğu aydındır, lüləsi isə Paşinyanın başına tuşlanıb. Necə ki, Paşinyanın hörmət etdiyi və hətta siyasi müəllimi adlandırılan keçmiş prezident Ter Petrosyanı, keçmiş müdafiə naziri və Qarabağ hərbi xüntasının döyüşçüsü Robert Koçəryan istefa verməyə məcbur edərək hakimiyyəti ələ keçirmişdi. Yeri gəlmişkən, bir az əvvəl Rusiyanın təzyiqi ilə Baş nazir həbs etdirdiyi Koçəryanı azadlığa buraxmağa məcbur olmuşdur.

Azərbaycan isə müstəqil, ardıcıl, stabil siyasət yürüdən bir dövlət olduğu üçün səbrlə prosesləri izləyərək digərlərinin qurduğu, başqalarına lazım olan oyunda iştirak etməyən dövlətdir. İndiki şəraitdə kimlərinsə hakimiyyət dəyişikliyində vasitəçi olması Azərbaycan dövlətinin apardığı milli maraqlar üzərində qurulmuş siyasətə uyğun deyil. Buna görə, Azərbaycan hadisələri diqqətlə izləyərək sırf milli maraqlar üzərində qurulmuş siyasətə uyğun hərəkət edir.

İsmayıl Quliyev, "Region" Analitik İnformasiya Mərkəzinin eksperti