Mədəniyyət Mərkəzinin binası XX əsr memarlığının nümunəsidir - Fotolar

10 İyun 2019 12:29 (UTC+04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin yerləşdiyi bina XX əsr memarlığının nümunəsidir. Vaxtilə binanın ərazisində tanınmış polyak memarı Yozef Ploşkonun layihəsi əsasında 1909-1912-ci illərdə inşa edilmiş və 1931-ci ildə bolşeviklərin göstərişinə əsasən dağıdılana qədər fəaliyyət göstərmiş kastyol mövcud olmuşdur.

Ötən əsrin 30-cu illərində o zaman vahid bir qurum olan dövlət daxili işlər və təhlükəsizlik orqanları üçün Bakıda mədəniyyət klubunun yaradılması qərarına gəlinir. 1938-39-cu illərdə sonralar «Dzerjinski klubu» kimi tanınan binanın inşası aparılsa da, II Dünya Müharibəsinin başlanması ilə əlaqədar tikinti işləri yarımçıq qalır. 1947-ci ildə Azərbaycan Dövlət Layihə İnstitutunun layihəsinə əsasən binanın tikintisi tamamlanır.
1951-53-cü illərdə baş mühəndis Həsən Məcidovun rəhbərliyi altında müəyyən tikinti-tamamlama işləri aparılan binada uzun müddət dövlət əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu qəbildən olan tədbirlərə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə keçirilmiş qurultaylar, Dövlət Təhlükəsizlik Komitəsi, daxili işlər orqanları, sərhəd qoşunlarının yubiley mərasimləri aid edilə bilər.

Sonrakı dövrdə bu bina - 2008-ci ildə bu qurumun balansına qaytarılana qədər Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində Şəhriyar adına Mədəniyyət Sarayı olaraq fəaliyyət göstərmişdir. Bu qurumun balansına qaytarılması ilə DTX-nin Mədəniyyət Mərkəzi adlanan binada həmin ərəfədən müasir standartlara cavab verən əsaslı təmir-tikinti işləri aparılmasına başlanıldı. Təmirdən sonra tamamilə yeni görkəm alan tikilinin özənəməxsus memarlıq üslubunun qorunmasına xüsusi diqqət yetirilmişdir.
Yüksək keyfiyyətli səs və işıq avadanlığı ilə təchiz edilən Mədəniyyət Mərkəzində 600 nəfərlik konsert salonu, 100 nəfərlik kiçik zal, konfrans zalı və 120 nəfərlik restoran yerləşir. Binaya daxil olan qonaqlar ilk öncə Ümummilli Lider Heydər Əliyevin foyedəki büstü, Azərbaycan Respublikasının Milli Arxivi və Dövlət Təhlükəsizliyi Xidmətinin arxivindən götürülmüş, əksəriyyəti ilk dəfə nümayiş etdirilən fotoşəkillərdən ibarət ekspozisiyası ilə tanış ola bilərlər.

Mərkəzdə həmçinin fəxri qonaqlar üçün nəzərdə tutulan «VİP» otaqlar və lojalar mövcuddur. Böyük konsert zalının səhnəsində quraşdırılan pilləkənin xüsusi mexaniki qurğu vasitəsilə üç vəziyyətdə açılıb-yığılması binanın əsas özəlliklərindən biridir. Bundan başqa mərkəzin həm böyük, həm də kiçik zallarının səhnələrində quraşdırılmış monitor-pərdələr vasitəsilə istənilən video-materialı izləmək mümkündür.
DTX Mədəniyyət Mərkəzinin fəaliyyəti bu qurumun dövlət əhəmiyyətli tədbirlərinin keçirilməsinə yönəldilib. Bununla yanaşı, mərkəzin milli və dünya rəqslərini tədris edən rəqs, həmçinin rəsm dərnəklərində müxtəlif yaş qrupuna daxil olan şəxslər bu sənətlərin incəliklərinə yiyələnmək imkanına malikdirlər. Uzun illər yüzlərlə şagirdin təhsil aldığı musiqi məktəbi də təmirdən sonra Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyətini davam etdirir. Mərkəzdəki foto-video studiya burada keçirilən tədbirlərin və konsert proqramlarının lentə alınmasına xidmət edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar, 2008-ci il tarixli qərarına əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin yerləşdiyi bina bu qurumun balansına verilmişdir. Əsaslı təmir-tikinti işlərindən sonra Mədəniyyət Mərkəzinin binasının rəsmi açılışı ilə bağlı mərasim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 14 mart, 2009-cu il tarixdə keçirilmişdir.