Gürcüstanın turizm bölgəsi olan Tuşeti regionu turistlər üçün bağlanıb

8 İyun 2019 00:42 (UTC+04:00)

Gürcüstanın yüksək dağ turizm bölgəsi olan Tuşeti regionu turistlər üçün bağlanıb.

SİAxəbər verir ki, Gürcüstanın Mühafizə Olunan Ərazilər Agentliyi bununla əlaqədar olaraq turistlərə müraciət edib.

Müraciətdə deyilir ki, Tuşeti regionuna gedən yeganə avtomobil yolu olan Pşaveli-Abano-Omalo magistralı bağlanıb. Buna səbəb dağlara yağan güclü qarın yaratdığı problemlərdir.

Belə ki, qar uçqunu nəticəsində Pşaveli-Abano-Omalo magistralının 56-cı kilometrliyində süni göl yaranıb.

Bundan başqa, güclü leysan yağışlarından sonra yatağından çıxan dağ çayları Leçuri kəndinə gedən magistral yolu uçurub.

Hazırda yolun böyük hissəsində bütün növ avtomobillərin hərəkəti qadağan edilib.

Yolun rəsmi açılışına qədər ərazidə piyada və atla gəzinti də qadağan olunub.

Təmir-bərpa işlərinin iyunun sonlarına başa çatdırılacağı gözlənilir.