Kriterium ötüşməsi üzrə Bakının ən güclüləri müəyyənləşib

27 May 2019 16:24 (UTC+04:00)

Şosse velosipedi idman növünün kriterium ötüşməsi üzrə Bakı çempionatı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və AzVİF tərəfindən Veloparkda təşkil edilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib.

On beş yaşadək oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Hüseyn Nərimanov, qızlar arasında isə 7 nömrəli Olimpiya Velosiped Məktəbinin üzvü İradə Əbdürəhmanova bütün rəqiblərini qabaqlamaqla birinci yeri tutublar.

U-17 yaş kateqoriyasında müvafiq olaraq Respublika Olimpiya Velosiped Məktəbindən və 7 nömrəli Olimpiya Velosiped Məktəbindən Nikita Sıtov və Viktoriya Sidorenko aralıq finişlərində daha çox xal toplamaqla birinci yerə layiq görülüblər.

Gənc qızlar arasında Elfanə Camalova fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Oğlanların gənclər və U-23 yaş kateqoriyasında isə gərgin idman mübarizəsi “Neftçi İdman Klubu” İctimai Birliyinin yetirməsi Mahmud Məmmədovun (“Lviv” Cycling Team) hamını qabaqlaması ilə yadda qalıb.

Fərqlənən idmançılar medal və diplomla təltif ediliblər.