"Bu cür davranışlar milli mentalitetimizə ziddir” ÖZƏL-MÜNASİBƏT

27 May 2019 14:35 (UTC+04:00)

“Xaricdə yaşayan bəzi mühacir azərbaycanlıların davranışları çoxlu suallar doğurur. Onlar bəzən həddindən artıq radikal mövqe seçir. Və heç bir halda, özlərini müxalifət kimi aparmırlar. Ulu Öndər Heydər Əliyevin dediyi kimi hakimiyyətə qarşı müxalifət olmaq olar. Lakin öz dövlətinə və xalqına qarşı müxalifətdə dayanmaq olmaz. Həm də, özünü müxalifətçi kimi təqdim edib söyüş söymək, insanları təhqir etmək şərəf və ləyaqətini təhqir etmək yolverilməzdir. Bu cür davranışlar milli mentalitetimizə də ziddir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, mühacir həyatı yaşayan azərbaycanlılar obyektiv mövqe ortaya qoymalıdır: “Onlar hansısa məsələ ilə bağlı sağlam tənqid edib öz təkliflərini verə bilərlər. Amma Azərbaycan həqiqətlərini təhrif etmək, Avropa ictimai fikrində Azərbaycan haqqında mənfi fikir formalaşdırmaq, ölkəmizin qazandığı uğurlardan kədərlənmək qəbuledilməzdir.

Təbii ki, bu məsələdə müəyyən müsbət tendensiyalar var. Xaricdəki radikal mövqedə dayanan bəzi azərbaycanlıların davranışında obyektivliyə yaxın mövqe yaranması diqqətdən yayınmır. Amma istərdik ki, bu, küll halında olsun, manevr xarakteri daşımasın, onların da Vətəni olan Azərbaycana sevgilərini, diqqətlərini ifadə edən mövqe olsun. Bir çox hallarda görürük ki, onların davranışları ermənilərin dəyirmənına su tökmək anlamı verir. Bir çox hallarda ermənilərdən daha çox erməni olmaq tendensiyasi müşahidə olunur ki, bu da qəbuledilməzdir. Amma bir daha vurğulayıram ki, müəyyən pozitiv davranışlar var. Çox istəyərdik ki, bu tendensiya olaraq qalmasın”.