“Dövlət müəssisələrinin hərraclarda satışı” xidməti elektron formatda

27 May 2019 11:27 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə göstərilən xidmətlərdən biri də “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) hərraclarda satışı” adlanır. SİA Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu xidmət Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada kiçik dövlət müəssisələrinin (obyektlərinin) nizamnamə kapitalının ( ilkin (start) qiymətinin) 85%-nin üzərində mülkiyyət hüquqlarının əldə edilməsi ilə bağlı hərracların keçirilməsini əhatə edir.

Hərrac gününə ən azı 30 (otuz) gün qalmış özəlləşdirmə haqqında məlumat Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytı (emdk.gov.az), Özəlləşdirmə portalı (privatization.az) və komitənin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qәzetindә dərc edilir. Hərraca çıxarılan kiçik dövlət müəssisələri üzrə iştirak üçün müraciət və sifariş həm xidmət yerinə gəlməklə, həm də elektron formada həyata keçirilir. Hüquqi və fiziki şəxslər seçdikləri dövlət əmlakı üzrə sifarişçi statusu almaq üçün hәrracın başlanmasına ən geci üç bank günü qalanadək özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində behi ödəməli və zəruri sənədləri təqdim etməlidir.
“Kiçik dövlət müəssisələrinin (obyektlərinin) hərraclarda satışı” xidmətindən istifadə üçün tələb olunan sənədlərə özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində behin ödənilməsi haqqında sənəd, sifariş bildirişi, fiziki və ya hüquqi şəxslərin iştirakı ilə bağlı digər sənədlər aiddir. Xidmətə elektron formada müraciət etmək istəyən fiziki və ya hüquqi şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (e-emdk.gov.az) 29-cu xidmətə daxil ola bilər. Qeyd edək ki, hərraclarda iştirak üçün sifarişlər Əmlak Xidmətləri Məkanı və Hərracların Təşkili üzrə Auksion Mərkəzində də qəbul edilir.
Qeydiyyatdan keçmiş şəxslər hərraclarda həm məkana gəlməklə, həm də elektron formada iştirak edərək əmlak sahibi ola bilər.