IV Məntiq Olimpiadasının final mərhələsi keçirilib FOTO

27 May 2019 10:30 (UTC+04:00)

Mayın 25-də Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının final mərhələsi keçirilib.

Məktəb-Lisey Kompleksində mərkəzləşdirilmiş qaydada təşkil edilən olimpiadanın final mərhələsində Bakı şəhərinin ümumi təhsil məktəbləri üzrə 1 500-dən çox məktəbli iştirak edib.

V-VI sinif şagirdləri arasında keçirilən bilik yarışının final mərhələsində şagirdlərə bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt verilib.

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.