Peruda 8 bal gücündə zəlzələ olub

26 May 2019 18:48 (UTC+04:00)

Perunun şimalında baş verən 8 bal gücündə zəlzələ bir sıra dağıntılar törədib.

SİA xəbər verir ki, fövqəladə hallar üzrə milli mərkəzin yaydığı məlumata görə, 15-dən çox bina dağılıb. Zərərçəkənlər var, lakin onların sayı hələlik məlum deyil.

Perublika qəzeti yazır ki, zəlzələ ölkə şəhərlərinin əksəriyyətində hiss olunub. San-Martin və Loreto regionlarında çoxlu bina zədələnib. Xəstəxanalardan birinin pasiyentləri təxliyə edilib. Bəzi şəhərlərdə elektrik təchizatı pozulub. Peru prezidenti Martin Viskarra sakinləri sakitliyi qorumağa çağırıb.

Xatırladaq ki, bu gün yerli vaxtla səhər saatlarında baş verən zəlzələnin episentri San-Martin regionundakı Lagunas şəhərindən 83 kilometr cənub-şərqdə, ocağı isə 105 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Braziliya, Kolumbiya və Ekvadorda da hiss olunub.