Aerobika gimnastikası üzrə qaliblər müəyyənləşib

26 May 2019 12:15 (UTC+04:00)

Bu gün Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının gənclər arasında qarışıq cütlük proqramında qaliblər müəyyənləşib. SİA-nın verdiyi məlumata görə, birinci yerə İtaliyanın qarışıq cütlüyü yüksəlib (Andrea Kolnaqo və Eliza Marras, 20,050 bal), ikinci yer - Rusiya təmsilçiləri (Damir Manafov və Kseniya Stefu, 20,050 bal), üçüncü yer - Rumıniya cütlüyü (Darius Avqustin Branda və Andrea-Selena Sotanqa, 19,900 bal).

Qeyd edək ki, mayın 26-da Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürüb.

Final mərhələsində böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar.

Ölkəmizi final mərhələsində aero-dans proqramında gənc gimnastlar komandası təmsil edəcək, böyük gimnastlar isə aero-dans proqramı və qruplar tərkibində çıxış edəcəklər.

Xatırladaq ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edir - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova.