"Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq"

24 May 2019 20:03 (UTC+04:00)

Teleaparıcı Vladimir Solovyov bu günlərdə öz proqramının efirində növbəti dəfə bəyan edib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi “erməni xalqının igidliyi” olub. Bu fikir Solovyovun ukraynalı ekspertlərə verdiyi bir sualdan sonra diskussiyanın gedişində səslənib. Solovyov Dağlıq Qarabağın ərazi mənsubiyyəti məsələsində Ukraynanın mövqeyini soruşanda ukraynalı ekspertlər Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq ediblər.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev bu məsələni şərh edərək deyib:

-Moskva ilə Bakı arasında münasibətləri korlamaq, nəticə etibarilə Azərbaycan ilə Ermənistan arasında yaranmış Qarabağ probleminin dinc yolla həllinin axtarışı üzrə 25 il ərzində planlı şəkildə aparılan işi heçə endirmək üçün göstərilən növbəti cəhd göz qabağındadır.

ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya bütün bu illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edir. Ölkələrimiz arasında möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri formalaşıb. Moskva Bakıya Cənubi Qafqazda siyasi ab-havanı müəyyən edən amil, bu regionda təhlükəsizliyin qarantı kimi baxır. Azərbaycan dünya siyasi arenasında da öz mövqelərini ilbəil möhkəmləndirir: Prezident İlham Əliyevin yürütdüyü güclü və çevik, çoxvektorlu siyasət Azərbaycanın həm Qərb, həm Şərq ilə konstruktiv əlaqələrini saxlamaqla beynəlxalq danışıqlarda öz mənafelərini müdafiə etməsinə imkan verir. Azərbaycan multikulturalizm dəyərlərini seçməklə öz ərazisində bütün etnosların və dinlərin tamdəyərli inkişaf etməsinə imkan verir. Azərbaycanın Bakıda ən yüksək səviyyədə təşkil etdiyi qlobal idman tədbirlərinə, siyasi və mədəni tədbirlərə müxtəlif mədəniyyətlərin nümayəndələri gəlir və onların hamısını burada çox səmimi qəbul edirlər.

Azərbaycanın seçdiyi pozitiv inkişaf kursuna, Rusiya ilə Azərbaycan arasında hörmətə əsaslanan mehriban qonşuluq münasibətlərinə baxmayaraq KİV-lərdə vaxtaşırı əsassız hücumlar edilir, bu vasitə ilə dünyanın heç bir dövləti tərəfindən tanınmamış qondarma “Arsax”ın müsbət obrazını yaratmağa cəhd göstərilir. Lakin yadda saxlamaq lazımdır ki, bu cür sözlər ölkələrimiz arasında münasibətləri korlamaq, Qarabağ məsələsinin həllini mürəkkəbləşdirmək cəhdlərindən başqa heç nə deyil. Belə cəhdlər indi də uğursuzdur və gələcəkdə də uğursuz olacaq.