Bakıda keçirilən AÇ-də daha bir proqramda finalçılar məlum olub

24 May 2019 18:42 (UTC+04:00)

Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatında gənclər arasında qadınların fərdi proqramında finalçılar məlum olub. SİA-nın məlumatına görə, finala Darya Tixonova (Rusiya, 20.750 xal), Anastasiya Dmitriyeva (Rusiya, 20.700 xal), Dora Akoşegi (Macarıstan, 20.350 xal), Sara Kutini (20.150 xal), Anastasiya Kuraşvili (Ukrayna, 20.100 xal), Borislava İvanova (Bolqarıstan, 20.050 xal), İlona Qorgeni (Macarıstan, 20.050 xal) və Ana Rita Qomes (Portuqaliya, 20.000 xal) vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.

Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

24-26 may tarixlərində keçirilən çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələri baş tutacaq.

Ölkəmizi çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcəklər.