Naxçıvan Ali Məclisində təltiflərin təqdimatı olub

23 May 2019 20:14 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il mayın 16-da “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikasının həyatında “Duzdağ” Fizioterapiya Mərkəzinin xüsusi rolu vardır. Ötən 40 ildə mərkəz uğurla fəaliyyət göstərmiş, kollektiv formalaşmışdır. Sovetlər Birliyi dövründə şəraitin olmaması həm müalicə alan xəstələr, həm də kollektiv üçün çətinliklər yaradırdı. Lakin müstəqillik illərində “Duzdağ” Fizioterapiya Mərkəzi yenidən qurularaq müasir səhiyyə müəssisəsinə çevrilmişdir. 50 çarpayı ilə fəaliyyətə başlayan mərkəzdə hazırda 500-ə yaxın xəstə eyni vaxtda müalicə alır. Hər il 4 minə yaxın insan mərkəzə müraciət edir. Vaxtilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan mərkəz bu gün publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Kollektiv işini düzgün qurmuş, “Duzdağ” Fizioterapiya Mərkəzi muxtar respublikanın brendinə çevrilmişdir.

Ali Məclisin Sədri deyib: “Duzdağ” Fizioterapiya Mərkəzi bu gün muxtar respublikanın tanıdılması və təbliğində mühüm rola malikdir. Çünki təbii sərvətimiz olan duzdan həm məişətimizdə geniş istifadə olunur, həm də duz şaxtalarında yaradılmış səhiyyə müəssisəsi insanlara şəfa verir. Dünyanın müxtəlif ölkələrindən mərkəzə müraciət edən insanlar hərtərəfli müalicə almaqla yanaşı, eyni zamanda, Naxçıvanı da təbliğ edirlər. Bu da turizmin inkişafına töhfədir. Ölkələr adətən turizmin bir sahəsi üzrə ixtisaslaşırlar. Lakin bu gün Naxçıvan Muxtar Respublikasında turizmin müxtəlif növləri, o cümlədən sağlamlıq turizmi inkişaf edir. Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin inşası başa çatdıqdan sonra isə bu sahədə imkanlar daha da genişlənəcəkdir. Ona görə də təbii sərvətlərimizdən səmərəli istifadə edilməli, onlar elmi şəkildə öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır.

Ali Məclisin Sədri deyib: Qurmaq, yaratmaq işin bir tərəfidir. Əsas məsələ isə qurulanları qoruyub saxlamaq və onlardan səmərəli istifadə etməkdir. Muxtar respublikada sağlamlıq turizminin inkişafı və mövcud potensialın tanıdılması sahəsində ardıcıl tədbirlər görülmüş, internet saytları yaradılmış, bukletlər hazırlanmış və turların təşkilinə başlanılmışdır. “Duzdağ” Fizioterapiya Mərkəzinin elmi şəkildə araşdırılması da buranın tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə bundan sonra da Naxçıvan duzunun müalicəvi əhəmiyyəti ilə bağlı elmi-tədqiqat işlərini davam etdirməsi və kitabların nəşr olunması tapşırılmışdır.

Ali Məclisin Sədri Naxçıvan duzunun müalicəvi əhəmiyyəti ilə bağlı apardığı səmərəli tədqiqat işlərinə görə Azərbaycan Tibb Universitetinin “Klinik allerqologiya və immunologiya” kafedrasının müdiri, tibb elmləri doktoru, professor Lalə Allahverdiyevaya təşəkkür edib.

Qeyd olunub ki, “Duzdağ” Fizioterapiya Mərkəzinin gələcəkdə uğurla fəaliyyət göstərməsi bu gün işin düzgün qurulmasından asılıdır. Ona görə də kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və mərkəz bütün dünyada tanıdılmalıdır. Dünyanın bir çox ölkəsində duz şaxtalarından müalicə kimi istifadə olunur. Lakin “Duzdağ” Fizioterapiya Mərkəzinin dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşməsi və təbii havalanma xəstələrdə sağalma faizinin yüksək olması ilə nəticələnir. Mərkəzdə müalicə alan xarici ölkə vətəndaşlarının təəssüratları da bunu bir daha təsdiq edir.

Ali Məclisin Sədri mərkəzin fəaliyyətinin genişləndirilməsinin daim diqqətdə saxlanılacağını bildirib, yubiley münasibətilə kollektivi təbrik edib və işlərində uğurlar arzulayıb.

Sonra təltiflər təqdim edilib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 22 may tarixli Sərəncamına əsasən “Duzdağ” Fizioterapiya Mərkəzinin əməkdaşlarından 1-i “Əməkdar həkim”, 2-si “Əməkdar tibb işçisi”, 3-ü “Rəşadətli əməyə görə” nişanı, tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva isə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunub.

Ali Məclisin Sədri fəxri adları və nişanları təqdim edib. Təltif olunanlardan Darçın Eyvazova, Leyla Vəliyeva, Təranə Əliyeva, Sevda Həsənova və Zəminə İbrahimova minnətdarlıq edərək deyiblər ki, “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin qeyd olunması əlamətdar hadisədir. Bu münasibətlə təltif olunmağımız isə məsuliyyətimizi ikiqat artırır. Təltif olunanlar göstərilən etimadı layiqincə doğruldacaqlarına söz veriblər.

Tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti adından Ali Məclis Sədrinə minnətdarlıq edərək deyib: “Dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ və Sinqapurda "Duzdağ" Fizioterapiya Mərkəzi haqqındakı məruzələrim böyük maraqla qarşılanıb. Çünki “Duzdağ” Fizioterapiya Mərkəzi dünyada unikal və analoqu olmayan sağlamlıq müəssisəsidir. Burada müalicə olunan xəstələrdə yüksək nəticə alınır”. Lalə Allahverdiyeva Naxçıvan duzunun müalicəvi əhəmiyyəti ilə bağlı tədqiqat işlərini davam etdirəcəyini bildirib.

Sonda xatirə şəkli çəkdirilib.