Dünyanın aparıcı KİV-ləri UEFA Avropa Liqasının finalından yazır

23 May 2019 19:01 (UTC+04:00)

Dünyanın bir sıra aparıcı KİV-ləri, o cümlədən “The New York Times”, “The Associated Press”, “Reuters”, “express.co.uk”, “goal.com”, “tribalfootball.com” və digər qəzet, agentlik və saytlar UEFA Avropa Liqasının mayın 29-da Bakıda “Arsenal” ilə “Çelsi” arasında keçiriləcək final oyununa dair məqalələr yayıb.

“The Associated Press” agentliyinin yaydığı və “The New York Times” qəzetində də dərc edilən məqalədə Böyük Britaniyanın “Arsenal” klubunun yarımmüdafiəçisi Henrix Mxitaryanın Avropa Liqasının finalında iştirak etmək üçün Bakıya səfər etməyəcəyi və bunu Ermənistan ilə Azərbaycan arasında mövcud olan gərgin münasibətlərlə əlaqələndirdiyi bildirilir. Yazıda UEFA-nın Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən bütün futbolçuların, o cümlədən “Arsenal”ın oyunçusu H.Mxitaryanın şəxsi təhlükəsizliyi üçün hər cür zəmanətlə təmin olunduğu və hətta “Arsenal” komandasına bununla bağlı kompleks təhlükəsizlik planının da təqdim edildiyi bildirilir. Azərbaycan hökumətinin əvvəlcədən Mxitaryanın mayın 29-da keçiriləcək final qarşılaşmasında oynamasına şərait yaradacağını bildirdiyi qeyd olunur.

“Henrix Mxitaryanın UEFA Avropa Liqasının mayın 29-da “Çelsi” ilə keçiriləcək final oyununda iştirak etmək üçün Bakıya səfər etməmək barədə qərarı əsassızdır və Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına almaq üçün heç bir səbəb yoxdur”, - deyə məqalədə AFFA-nın yaydığı açıqlamaya istinadən bildirilir.

Yazıda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun sözləri də sitat gətirilir: “Biz hər zaman idmanı bütün bu siyasi məsələlərdən kənarda saxlamışıq”.

Məqalədə, həmçinin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın Mxitaryanın təhlükəsizliyinə zəmanət verməməsi ilə bağlı iddialarına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın bu məsələyə dair açıqlamasına da yer verilib: “Ermənistan Xarici İşlər Nazirliyinin “Arsenal” futbol klubunun erməni əsilli oyunçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlaması bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasət alətinə çevirmək cəhdlərindən xəbər verir. Ermənistan XİN-in belə bir oyunda iştirak etməsi yalnız təəssüf doğurur”.

“Glonaabot.com” internet portalında dərc olunan məqalədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzənin UEFA Avropa Liqasının “Arsenal” və “Çelsi” komandaları arasında keçiriləcək final oyununa ev sahibliyi edəcək Bakı şəhərinin təhlükəsiz şəhər olması barədə fikirləri yer alıb. Məqalədə səfirin sözlərindən sitat gətirilib: “Bu oyun Bakının necə gözəl şəhər, həmçinin yaşamaq üçün möhtəşəm bir məkan olduğunu bütün avropalılara və dünyaya nümayiş etdirmək baxımından çox gözəl bir imkandır”.

İdman xəbərləri üzrə ixtisaslaşmış “Goal.com” portalında da UEFA Avropa Liqasının Bakıda baş tutacaq final oyunu barədə geniş məqalə yerləşdirilib. Nəşr Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin sözlərini sitat gətirib: “Avropa Liqasının finalı böyük idman hadisəsidir. Əgər kimsə onu siyasi tədbirə çevirmək istəyirsə, bu, başqa məsələ. Amma Mxitaryana siyasətçi olduğuna görə deyil, idmançı olduğuna görə pul ödəyirlər. Biz bütün siyasi məsələləri bir kənara qoymalıyıq. Mən buna zəmanət verə bilərəm ki, Azərbaycan hökuməti bu oyuna gələn hər bir azarkeş, oyunçu və texniki heyətinin təhlükəsizliyinin təmin olunması üçün lazımi bütün təbirləri görəcək," - deyə səfir bildirib.

“Foxsports” idman portalı da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu haqqında məqalə yayıb. Məqalədə “Arsenal”ın təcrübəli qapıçısı Peter Çexin öz karyerasını məhz Bakıda keçiriləcək final oyununda bitirəcəyi barədə məlumat verilir.

Yazıda Mxitaryanın şəxsi təhlükəsizliyi üçün narahatlıqla əlaqədar final oyununa qatılmamaq barədə qərarı ilə bağlı jurnalistlərin suallarını cavablandıran Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın fikirləri də yer alıb: “Azərbaycan ilk dəfə deyil ki, mötəbər idman yarışlarına ev sahibliyi edir və paytaxtımızda indiyədək keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar da iştirak ediblər”.