Oleq Kuznetsov: "Bu Forum fikir mübadiləsi aparmaq üçün əla platformadır"

23 May 2019 16:57 (UTC+04:00)

"Bakının ev sahibliyi etdiyi Qafqazşünasların II Beynəlxalq Forumu Qafqazı araşdıran alimlərin, tədqiqatçıların fikir mübadiləsi aparması üçün əla platformadır". Bu fikri müsahibəsində rusiyalı tarixçi və hüquqşünas alim Oleq Kuznetsov deyib.

O bildirib ki, Rusiyada qafqazşünaslığa regional elm kimi baxırlar. Bu sahə vacib, prioritet hesab olunmur. Amma Azərbaycanda qafqazşünaslığa ciddi beynəlxalq elm kimi yanaşılır. Bugünkü foruma təkcə Qafqaz ölkələrinin nümayəndələri deyil, dünya qafqazşünasları toplaşıblar. “Forum qafqazşünas alimlərin bir-birini daha yaxından tanımasına, səylərini əlaqələndirmələrinə, çoxtərəfli və ikitərəfli əməkdaşlıq etmələrinə yardımçı olacaq. Qafqazşünas alimlər öz ölkələrində həmişə auditoriya tapmırlar. Bu forum qafqazşünasların beynəlxalq dialoqunun qurulmasında mühüm rol oynayacaq”, – deyə rusiyalı tarixçi vurğulayıb.