Millət vəkili təməlqoyma mərasimi ilə bağlı tədbirə qatılıb FOTOLAR

23 May 2019 14:52 (UTC+04:00)

22 may 2019-cu il tarixdə Bolqarıstanın Kirkovo bölgəsində Azərbaycan təbii qazını bu ölkəyə nəql edəcək Yunanıstan - Bolqarıstan İnterkonnektorunun təməlqoyma mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə Azərbaycan Respublikasının Baş Nazirinin birinci müavini Yaqub Eyubov, Bolqarıstanın Baş Naziri Boyko Borisov, Yunanıstanın Baş Naziri Aleksis Tsipras, hər iki ölkənin enerji nazirləri, Avropa Komissiyası və Avropa İnvestisiya Bankının (EİB) yüksək səviyyəli rəsmiləri, eləcə də müxtəlif ölkələrdən 150-dən çox qonaq iştirak edib.

Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri Rauf Əliyev bu tədbirdə iştirak edib.

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın son illərdə həyata keçirtdiyi ən böyük layihələrdən biridir. Bu layihənin həyata keçirilməsi Azərbaycan Avropanın, eləcə də əməkdaşlıq səviyyəsi ildən-ilə yüksələn Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfədir.

2013-cü ilin sentyabrında “Bulqarqaz EAD” ilə “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alınması ilə bağlı 25 illik saziş imzalanıb. Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Trans-Adriatik “ (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Bolqarıstan təməli qoyulan bu İnterkonnektor ilə 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq.