“Amnesty İnternational” - qərəzlilik mərəzliyi ANALİTİK

23 May 2019 11:36 (UTC+04:00)

Bu təşkilatı sanki bəyanat və hesabatlarını hazır vəziyyətdə saxlayır və bəlli məqamlarda rəflərindəki qovluqları açıb, bir-iki düzəlşilər edib, sözügedən şər-böhtanlarını ictimailəşdirir

Məlum olduğu kimi, Bakıda UEFA liqasının finalı ilə bağlı bir sıra qərəzli mərkəzlər Azərbaycana qarşı qarayaxma, şər-böhtan xarakterli hücumlarını dayandırmırlar. Əslində belə bir münasibətin olacağı daha əvvəlcədən məlum idi. Çünki ölkəmizdə istənilən bu kimi böyük və beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsi müxtəlif cinahlardan bənzər hücumlara startlar verilir. Əlbəttə, sonradan bu cür hücumlar qərəzli mərkəzlərin istəklərini reallaşdırmır, yəni onlar sözün əsl mənasında məğlub olub, geri çəkilməyə məcbur qalırlar. Lakin fakt budur ki, hər belə tədbir öncəsi bu mərkəzlər Azərbaycandakı radikal müxalifətlə və onların xarici ölkələrdəki satellitləri ilə daxillərindəki quduzluq hisslərini cilovlaya bilmirlər. Bu baxımdan, indi də “Amnesty İnternational” təşkilatı Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib və bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib. Bəri başdan deyə bilərik ki, Azərbaycanda insan haqları hətta ən aparıcı Qərb ölkələrindən də üstün şəkildə qorunur və Avropanın, ABŞ-ın böyuk meqapolislərində polislərin müxtəlif məqsədli etirazçılara qarşı amansız davranışları, hətta vəhşi üsullara əl atmaları Azərbaycanda mövcud deyil. Ölkəmizdə məscidlərə kilsələrə, sinaqoqlara silahlı hücumlar, irqçilik meylləri yoxdur.

Belə çirkli reputasiyaya malik bir təşkilatın kimisə ittiham etməyə, ədalət, şəffafllq, demokratiyadan danışmağa ümumiyyətlə, haqqı yoxdur

Lakin daha bir fakt budur ki, bu təşkilat korrupsiyada adı hallanan, müxtəlif mənbələrdən sifarişlər alaraq, onları yerinə yetirən qurum imicini qazanıb. Ona görə də müxtəlif maraqlı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir. Belə çirkli reputasiyaya malik bir təşkilatın kimisə ittiham etməyə, ədalət, şəffafllq, demokratiyadan danışmağa isə ümumiyyətlə, haqqı yoxdur. Əbəs deyil ki, “Amnesty İnternational” təşkilatı sanki bəyanat və hesabatlarını hazır vəziyyətdə saxlayır və bəlli məqamlarda rəflərindəki qovluqları açıb, bir-iki düzəlşilər edib, sözügedən şər-böhtanlarını ictimailəşdirir. Bütün bunların əvəzində isə “qara piar”ına görə “zəhməthaqqını”, yəni rüşvətini alır.

Azərbaycanın uğur və inkişafı, ölkəmizin demək olar ki, bütün beynəlxalq tədbirlərdə öncül yerlərdən birini tutması erməni lobbisinə işləyən korrupsionerləşmiş siyasi məqsədli təşkilatları hərəkətə keçirib

Heç də təsadüfi deyil ki, istər “Amnesty İnternational” olsun, istərsə də digər bu kimi təşkilatların hər birinin sifarişçisinin əsasında erməni lobbisinin dayandığı barədə kifayət qədər faktlar ictimai rəyin diqqətinə çatdırılıb. Ona görə də, UEFA faktoru da daxil olmaqla, Azərbaycanın uğur və inkişafı, ölkəmizin demək olar ki, bütün beynəlxalq tədbirlərdə öncül yerlərdən birini tutması erməni lobbisinə işləyən korrupsionerləşmiş siyasi məqsədli təşkilatları hərəkətə keçirib.

Biz, elə də uzağa getməyərək, "Amnesty İnternational"ın I Avropa Oyunlarının boykot edilməsi çağırışı ilə çıxış etməsini də xatırlaya bilərik. O cümlədən, "Eurovision-2012" musiqi yarışması ərəfəsində də bu və bu kimi digər erməni lobbisinin təlimatları ilə işləyən təşkilatların "qara piar" kampaniyalarına qoşularaq, ölkəmizin nüfuzuna ləkə yaxmağa cəhd etmələrini xatırlaya bilərik. Lakin göründüyü kimi, heç bir boykot çağırışları onların istədiyi nəticələri vermədi və Azərbaycan bütün dünyaya sübut etdi ki, buradakı demokratik və müstəqillik mühiti bir çox nüfuzlu Avropa dövlətlərini də üstələməkdədir. Eləcə də, UEFA liqası başa çatdıqdan sonra da bəlli qərəzli qurumlar tısbağa kimi qınlarına çəklib, Azərbaycanın növbəti uğur saatını gözləməyə başlayacaqlar.

Bu dəfə də belə olacağına isə kimsənin şübhəsi yoxdur

Qeyd etdiyimiz kimi, burada ermənipərəst qurumların rolu ilə yanaşı, erməni dəyirmanına su tökən radikal müxalifət ünsürlərinin də rolları mövcuddur. Söz yox ki, radikal müxalifət də öz qərbli ağalarının verdikləri sifarişi həyata keçirməkdən ötrü əllərində olan mətbuatla çıxışlar edir, ən rəzil üsullara əl atmaqdan belə çəkinmirlər. Nəticədə bu kimi fikirləri nəzərdən keçirərkən, bir daha qənaətə gəlmək olar ki, "Amnesty İnternational"ın növbəti qərəzi və mərəzi elə özləri üçün də qalacaq. Çünki ən primitiv üsullarla dəfələrlə Azərbaycana qarşı qarayaxma kampaniyaları aparan bu təşkilat sonda susaraq, geri çəkilməyə məcbur olub. Bu dəfə də belə olacağına isə kimsənin şübhəsi yoxdur.

Rövşən NURƏDDİNOĞLU