Gürcüstanda 4 futbolçunun həbs müddəti uzadılıb

23 May 2019 01:16 (UTC+04:00)

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən futbol oyunlarında nəticələrin qabaqcadan danışılmasına görə saxlanılan futbolçulardan 4 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər 7 nəfər isə 10 min lari pul girov qoyulmaqla zaminə buraxılıb.

Belə ki, məhkəmənin qərarı ilə futbolçulardan Nika Dauşvili, Vaxtanq Djakeli, Laşa Çapidze və İrakli Xuçuanın həbs müddəti uzadılıb. “Vit Corciya” komandasının digər futbolçuları Conni Şeroziya, Nikolaz Maisuradze, Paata Quduşauri, Qeorqi Qetiaşvili və Nodar Kiknavelidze, eləcə də Lançxutinin “Quri” komandasının futbolçuları Robert İmerlişvili və İrakli Bedjelidze isə 10 min lari girov müqabilində azadlığa buraxılıblar.

Məlumat üçün qeyd edək ki, danışılmış oyunlara görə saxlanılan futbolçulardan biri, Nikolaz Maisuradze vaxtilə Azərbaycanın "Turan" komandasında çıxış edib. Futbolçu 2012-2013-cü mövsümün ikinci yarısında Tovuz təmsilçisinin formasını geyinib.