Elmar Məmmədyarov BMT-nin İnkişaf Proqramının yeni rezident nümayəndəsi ilə görüşüb

22 May 2019 20:03 (UTC+04:00)

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycanda yeni təyin olunmuş rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Alessandro Frakassetti təyinatı barədə müvafiq məktubu Elmar Məmmədyarova təqdim edib.

Elmar Məmmədyarov Alessandro Frakassettini yeni təyinatı münasibətilə təbrik edərək onun Azərbaycanla BMTİP arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Nazir ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla davam etdiyini vurğulayıb və əlaqələrin daha da irəli aparılması üçün səylərin artırılmasının vacibliyi qeyd edib.

Öz növbəsində, Alessandro Frakassetti BMTİP sistemində aparılan struktur islahatları barədə məlumat verib və fəaliyyəti müddətində əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.