Boqdan Prezident Administrasiyasının rəhbəri təyin edilib

21 May 2019 21:45 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə mühüm postlara təyinatlar edib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə,hüquqşünas Andrey Boqdan Prezident Administrasiyasının rəhbəri təyin edilib.

Boqdan 2014-cü ildə Dnepropetrovsk vilayətinin qubernatoru İqor Kolomoyskinin məsləhətçisi olub. Həmçinin, o, iri biznes sahiblərindən birinin vəkilidir. Boqdan bu gün səhər saatlarında bəyan etmişdi ki, əgər hər hansı bir dövlət vəzifəsinə təyin olunsa, vəkillik fəaliyyətinə son qoyacaq.

Zelenskinin biznes-tərəfdaşı Sergey Şefir prezidentin birinci köməkçisi təyin olunub.

Bundan başqa, yeni prezident Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi Viktor Mujenkonu da vəzifəsindən azad edib. Onun yerinə Ruslan Xomçak təyin olunub.