Nikola Yurçeviç: "Proqnoz vermək istəmirəm"

21 May 2019 20:38 (UTC+04:00)

"Əvvəlki təlim-məşq toplanışı ilə budəfəki toplanış arasında vaxt baxımından böyük fərq var. Qarşıdakı oyunlara çox ciddi hazırlaşırıq. Hər bir futbolçunun əhval-ruhiyyəsi yüksəkdir. Ümidvaram ki, yaxşı nəticələr əldə edəcəyik."

Bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç “Bakcell Arena”da təşkil olunmuş mətbuat konfransında deyib. Mütəxəssis bildirib: “Bəzi futbolçular mayın 19-dan millinin düşərgəsindədirlər. Toplanışa 16 nəfərlə start verdik. Bir neçə gün bu qaydada davam edəcəyik. Mayın 24-dən etibarən Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov və Renat Dadaşov da bizə qoşulacaqlar. İyunun 3-də isə ölkə xaricində çıxış edən futbolçular - Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov heyətə qoşulacaqlar”.

Baş məşqçi bildirib ki, iyunun 1-də U-21 milli ilə yoxlama oyunu olacaq. Bu cür oyunların heyətin komplektləşdirilməsində böyük rolu var. Macarıstan və Slovakiya yığmaları ilə oyunlarda məni neçə xalın qane edəcəyini tez-tez soruşurlar. Proqnoz vermək istəmirəm. Amma ümidvaram ki, iki oyunu da yüksək səviyyədə keçirəcəyik”. Mətbuat konfransından sonra komandamızın açıq məşqi olub.

Xatırladaq ki, “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığmasını qəbul edəcək yığmamız mayın 19-da təlim-məşq toplanışına başlayıb. Baş məşqçi Nikola Yurçeviç iyunun 11-dək davam edəcək təlim-məşq toplanışına 27 futbolçu çağırıb. Toplanışda Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Tobol”, Qazaxıstan), Şahruddin Maqomedaliyev (“Qarabağ”), Maksim Medvedev (“Qarabağ”), Ömər Buludov (“Neftçi”), Bədavi Hüseynov (“Qarabağ”), Rahil Məmmədov (“Qarabağ”), Anton Krivotsyuk (“Neftçi”), Pavel Paşayev (“Oleksandriya”, Ukrayna), Şəhriyar Rəhimov (“Səbail”), Bəhlul Mustafazadə (“Qəbələ”), Qara Qarayev (“Qarabağ”), Riçard Almeyda (“Qarabağ”), Eddi İsrafilov (“Alkorkon”, İspaniya), Emin Mahmudov (“Neftçi”), Əli Babayev (“Sumqayıt”), Aleksey İsayev (“Sumqayıt”), Dmitri Nazarov (“Erzgebirge Aue”, Almaniya), Rəşad Eyyubov (“Sabah”), Mahir Emreli (“Qarabağ”), Namiq Ələskərov (“Neftçi”), Araz Abdullayev (“Qarabağ”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proysen Münster”, Almaniya), Mirabdulla Abbasov (“Neftçi”), Renat Dadaşov (“Eştoril”, Portuqaliya), Ağabala Ramazanov (“Səbail”) dəvət olunublar.