Google: “Huawei” qurğuları üçün yenilənmələr 90 gün ərzində əlçatan olacaq

21 May 2019 17:44 (UTC+04:00)

Google kompaniyasının məlumatına əsasən, ABŞ hakimiyyətinin verdiyi müvəqqəti lisenziya sayəsində “Huawei” qurğuları üçün proqram təminatı, o cümlədən təhlükəsizlik sisteminin yenilənmələri yaxın 90 gün ərzindən əlçatan olacaq. Bu barədə CNBC telekanalı xəbər verir.

“Telefonların yenilənməsi və onların təhlükəsizliyinin dəstəklənməsi bütün tərəflərin maraqlarına cavab verir. Bu müvəqqəti lisenziya növbəti 90 gün ərzində hazırda mövcud olan modellər üçün proqram təminatının və təhlükəsizlik sisteminin yenilənməsinə imkan yaradacaq”, - deyə “Google” kompaniyasının rəsmi nümayəndəsinin bəyanatında bildirilir.

Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi milli təhlükəsizliyə təhdid səbəbindən “Huawei” kompaniyasını qara siyahıya salıb.

Amerikanın “Google” kompaniyası isə öz növbəsində “Huawei” kompaniyasına texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib. Çinin İKT nəhəngi bundan sonra “Android” proqram təminatından və “Google” kompaniyasının tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək.

Mayın 20-də ABŞ-ın Ticarət Nazirliyi kompaniyaya Birləşmiş Ştatlarda istifadə olunan mobil qurğular üçün proqram təminatını yeniləmə və şəbəkələrin xidmətini təmin etmə hüququnu 90 gün müddətinə bərpa edən müvəqqəti lisenziya verib.

2018-ci ildə “Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib, xalis gəliri isə 8 milyard dolları ötüb. O, dünyada ikinci ən böyük smartfon istehsalçısıdır.