Dövlətin apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır

21 May 2019 17:20 (UTC+04:00)

Prezident İlham Əliyev: "2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir"

"Prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı idi. Çox ciddi Fərman idi və onun icra edilməsi nəticəsində, 12 mindən çox şəhid ailəsi dövlət tərəfindən 11 min manat məbləğində vəsait alacaq". Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Dövlət başçısı qeyd edib ki, bu ilin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər ölkənin potensialını daha da gücləndirib: "İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq. Dünya dəyişir, vəziyyət dəyişir, qarşımızda yeni çağırışlar dayanır. Ona görə biz daim irəliyə baxmalıyıq ki, ölkəmizi necə inkişaf etdirək və inkişafı dayanıqlı və uzunmüddətli edək".

Uğurlu yüksəlişin əsasında, əlbəttə ki, xalq-iqtidar vəhdəti dayanıb

Uğurlu inkişafın əsasında, əlbəttə ki, xalq-iqtidar vəhdəti dayanıb. Azərbaycan son 16 ildə çox güclü və sürətli inkişaf yolu keçib və bu illərdə əldə edilən bir çox uğurlar və qarşıya qoyulmuş vəzifələr dövlətimiz tərəfindən təmin olunub. Bütövlükdə isə, görünən budur ki, ölkəmizin rəhbərliyi tərəfindən atılan hər bir addım, bilavasitə xalqımızın rifah halının gücləndirilməsinə, müstəqilliyimizin bünövrəsinin daha möhkəm təməllərə söykənməsinə hesablanıb. İstər daxili, istər xarici, istər sosial-iqtisadi, istərsə də digər sahələri əhatə edən bu yüksəlişin əsasında isə, əlbəttə ki, xalq-iqtidar vəhdəti dayanıb.

"Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq"

Azərbaycanda vətəndaş-dövlət təması formatında da bir sıra yeni modellər reallaşdırılır. O cümlədən, Prezident İlham Əliyevin sadə azərbaycanlılara göstərdiyi diqqət və qayğısı, xüsusilə şəhid ailələri və təqaüdçülər, aztəminatlı ailələrin sosial-məişət təminatları ilə bağlı aparılan dövlət siyasəti həmin reallığı hərtərəfli şəkildə təcəssüm edir. Çünki dövlət başçımız bütün çıxışlarında vurğulayır ki, Azərbaycanda aparılan siyasətin mərkəzində vətəndaş amili dayanır."Əlbəttə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq" qeyd edən Prezident İlham Əliyev son illərdə bu istiqamətdə çox böyük işlərin görüldüyünü deyib: "Baxın, köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir. Yəni mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir. Mən bilirəm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Mən eşitməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım edilmişdir. Bu da, dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır. Eyni zamanda, dediyiniz kimi, bu yanaşma daha böyük yanaşmanın tərkib hissəsidir - dövlət-vətəndaş münasibətlərinin. Hesab edirəm ki, bu münasibətlər Azərbaycanda sağlam zəmində qurulub. Vətəndaş bu gün bilir ki, dövlət güclü olarsa, onun da həyatı təhlükəsiz olar, risksiz olar, rahat olar və ildən-ilə artan maddi rifah daha da çoxalar".Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır. Bu gün Azərbaycan artıq dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordu sırasında yer alır. Dünyada böyük maraq doğuran Azərbaycan brendi - "ASAN Xidmət" təcrübəsi bir sıra ölkələr tərəfindən öyrənilir və tətbiq edilir. Dünyada böyük multikultural dəyərlərə malik ölkə kimi tanınan Azərbaycanda, ötən 16 il ərzində, milli-mənəvi dəyərlərin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub-saxlanılması istiqamətində mühüm işlər görülüb. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin 16 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır.Göründüyü kimi, Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə dünyaya nümunə göstərilən bir inkişaf modeli formalaşıb. Ən önəmli məqam isə, ondan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə, ötən dövr ərzində, əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur.Bir sözlə, Azərbaycan dövlətinin sosial inkişaf sahəsində əldə etdiyi uğurlu nəticələr, deməyə əsas verir ki, Azərbaycan uğurlu inkişafdadır.

RƏFİQƏ KAMALQIZI