"Doing Business 2019” hesabatı ölkəmizdəki dərin islahatların göstəricisidir" AÇIQLAMA-ÖZƏL

20 May 2019 11:04 (UTC+04:00)

“Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ölkəmizin böyük uğuru olmaqla yanaşı, son 2 ildə aparılan iqtisadi islahatların daha da dərinləşməsinin nəticəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

O bildirib ki, ölkəmizin əldə etdiyi bu uğurların arxasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən güclü siyasi iradəsi və davamlı dəstək dayanır: “Hesabatda nəzərdə tutulan elə meyarlar var ki, həmin meyarlara əsasən, ölkəmiz ilk 10 ölkə sırasına daxil olub”.

R.Quliyev söyləyib ki, ölkəmizdə həyata keçirilən islahatların ən böyük göstəricisi nüfuzlu beynəlxalq reytinqlərlə yanaşı, “Doing Business 2019” hesabatının da bütün indikatorlarını əhatə etməsidir: “Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir. Bu, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuza malik olduğunun göstəricisidir”.

Deputat qeyd edib ki, hesabatda ölkəmizin 190 ölkə arasında 25-ci olması Azərbaycanın investisiya, biznes mühiti nöqteyi-nəzərindən cəlbedici ölkəyə çevrildiyini göstərir: “Kiçik və orta sahibkarlıqla məşğul olan şəxslər ölkəmizin bu uğurundan bəhrələnməyə çalışmalıdırlar. Dövlətimizdə sahibkarların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu baxımdan sahibkarlar işlərini daha aktiv qurmalı, məhsullarını xarici bazarlara çıxarmaqda maraqlı olmalıdırlar”.