"Azərbaycan AB ilə bərabərhüquqlu tərəfdaşdır" ÖZƏL-RƏY

20 May 2019 11:37 (UTC+04:00)

"Azərbaycan Prezidentinin Brüsselə səfərindən bir neçə gün keçsə də, səfər, səfərin ye­kunları hələ də müxtəlif dairələrdə müzakirə mövzusudur və əlbəttə, bu, təbii, başadüşülən, qəbuledilən haldır (o da, başa düşüləndir ki, hələ səfəröncəsi də, gündəm Brüssel idi). Bəs qəbuledilməz olan nədir? - Qəbuledilməz olan odur ki, bir xeyli yanlış dəyərləndirmələr do­laşır virtual məkanda, mediada və s.. Bəli, deyilə bilər ki, yanlışlıq da insan halıdır, ola bilər və zamanla düzələr; lakin belə yanlışlıq, sanki düşünülmüş şəkildədirsə və bilərəkdən gün­dəliyə oturursa, bu başqa məsələ..! Bax, bu mövqelər dövlətçilik təfəkkürlü vətənkeş insan­ların əlinin tərsi ilə "etkisiz hal"a gətirilməlidir". Bunu SİA-ya açıqlamasında Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

QHT rəsmisinin sözlərinə görə, Azərbaycan Prezidentinin Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi ilə bağlı işçi şam yeməyində çıxışı da daxil olmaqla, respublikamızın bölgədə oyna­dı­ğı rol, (rəsmi istilahla desək) "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", AB ilə Azərbaycan arasında olan bağlar haqqında fikirləri özünə diqqət tələb edir.

Prezident İlham Əliyevin Brüsselə səfərinin yekunları ilə bağlı hansı müəyyənliklər, keç­mişə dayalı, gə­ləcəyə yönəlik istiqamətlər fərqləndirilə bilər?

Öncə, onu deyək ki, Avropaya inteqrasiya, Qərbyönümlü siyasi kurs müstəqil dövlətimizin dəyişməz xəttidir. Yalnız bayrağımıza bax­maqla belə, bu sözlərin dərinliyini görmək çətin deyil. Özü də, bayraq yaradan şəxsiy­yət­lərimiz hələ 101 il bundan öncəki siyasi-ideoloji düsturla çağdaşlaşmaq (Avropaya inteqrasiya) xət­tini simvolizə edən al-qırmızı boyanı milli və dini xətti bildirən göylə yaşılın arasında təsbit edib. Görünür, bu, alternativlərin ən yaxşısı sayılıb. Babalarımız düz edib! Və bugün də, DÖVLƏT BABA düz edir! - Bugün, (hələlik) ən yaxşı dövlətlər birliyi modeli sayılan Avropa Birliyi (AB) ilə işbirliyi, bu Birliyin hamı tərəfindən qəbuledilmiş dünyəvi dəyərlərini paylaşmaq özü də alternativlərin ən yaxşısıdır. Prezident İlham Əliyev müstəqil dövlətimizin xarakterini, sabit ideoloji-siyasi kursun gərkdirdiklərini, poli­to­logiyada QƏRARın tərifi kimi müəyyənləşmiş "alterna­tivlətin ən yaxşısının seçilməsi" işinin örnəyini yaradır.

Azərbaycanla AB arasında işgüzar, faydalı və səmimi işbirliyi mövcuddur. Respub­li­ka­mı­zın AB üzvü olan bir çox ölkə ilə bəlli tərəfdaşlıq əlaqələri var. Və bu dediklərimiz o demək deyil ki, AB bizə lazımdır, işbirliyi də, sanki birtərəfli istək üzrədir! Əsla! Azərbaycan AB üçün önəmli, etibarlı, xarakterli tərəfdaşdır! Bilirsiz, burada, xarakter sözünü təsadüfən işlətmirəm; artıq vurğuladığımız kimi, biz, bu sözün dərin məzmununu dövləti səviyyədə bayraqlaşdırmış respublikayıq! Heç təsadüfi deyil ki, AB Şurasının Prezidenti Donald Tusk da, Prezident İlham Əliyevlə görüş zamanı Azər­baycanı AB-nin etibarlı, məsuliyyətli tərəfdaş kimi dəyərləndirdi və Azər­bay­ca­nın bölgədə oynadığı rolun AB tərəfindən müsbət qiy­mət­ləndirildiyini vurğuladı. Məhz bu məqam ( -istərsiz etiraf deyin, istərsiz, dəqiq müşahidə de­yin- bütün hallarda), milli qüruru­muza əlavə xallar qazandırır. Bu qazanc dövlət ərkanımızın, şəxsən dövlət başçımızın gərgin əməyinin, düşünülmüş addımların bəhrəsidir.

Yaxşı, bəs D.Tuskun dediyi məqamlar dövlətimizin hansı addımları ilə ortalığa çıxdı, fakta çevrildi? - Diqqət edək:

-Azərbaycan birgəyaşayış qaydalarını, xalqlararası hüquq normalarını da­vamlı gözləyən, bəlli ifadə ilə desək, "anti-semitizm" də daxil olmaqla, ayrı-seçkilik yürüt­məyən mədəniyyət iqliminə malikdir;

-Azərbaycan mədəniyyətlər, sivilizasiyalararası dialoq müstəviləri, platformaları yaradıb;

-AB ilə bağlı məsələlər Prezident İlham Əliyev tərəfindən respublikamızın xarici siya­sə­ti­nin pri­ori­tetlərindən biri kimi müəyyən edilib, artıq bir çox sahələrdə qarşılıqlı faydalı iş­bir­liyi qurulub;

-Azərbaycan Avropanın eneji təhlükəsizliyində əzm, iradə və imkanlara sahibdir;

-Azərbaycan hansısa böyük dövlətin forpostu deyil, öz müstəqil siyasəti ilə seçilir;

-Azərbaycan çətin və bir sıra dövlətlərin çəkingən durduyğu vaxtlarda da, qlobal layi­hələrə öncüllük edib, prinsipallıq göstərib, ölkələrarası daşımaçılıq dəhlizləri yaradıb;

-Azərbaycan (bir sözlə) zəngin iqtisadi imkanları olan ölkədir;

-Azərbaycan Qafqazın ən çox əhaliyə malik ölkəsidir və saytərkibində gənc nəsil çox önəmli yerə malikdir ( -yəni cəmiyyətdə dinamizim var);

-Azərbaycan siyasi məsuliyyətini, xalqlararası meydanda hüquq normalarını gözləyən, üzərinə düşən öhdəliklərə sadiq qalan bir respublika olaraq, işğalçı düşmənin yaratmış ol­duğu (bölgəni, müəyyən qədər Avropanı (dün­yanı) da!) təh­did edən "elnolunmamış mü­haribə"yə münasibətdə belə dünya birliyinin çağ­rış­larına biganə qalmır və s.

Eyni zamanda,

- AB Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu qəbul olunmuş ikitərəfli sənəd­lərdə özünü aydın göstərir (2018-ci ildə Prezident İlham Əliyevin AB-nın mənzil qərərgahına səfəri zamanı paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində AB Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq şəkildə ifadə edib;

- "Yekun Bəyanat"ın qəbul olunması ilə bağlı irəli sürülən bəzi iddiaların əsası yoxdur. Tədbirdə ilkin olaraq tezislərdən ibarət yekun "Bəyanat" verilməsi nəzərdə tutulmuşdu; sonra isə bütün iştirakçı dövlətlərin rəyi də nəzərə alınmaqla AB-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarının adından ümumi "Yekun qeydlər sənədi"nin qəbul olunması qərara alınıb. Bu sənəddə də AB-nin əvvəlki illərdə qəbul olunmuş sənədləri, o cümlədən 2017-ci il Brüssel Sammitinin yekunları ilə bağlı sənədin uyğun müddəaları da nəzərə alınıb.

- Biranlamlı şəkildə bildirmək olar ki, AB Şərq Tərəfdaşlığı proqramında iştirak edən bü­tün dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

***

Şübhəsiz ki, hazırda AB ilə Azərbaycan Res­pub­likası arasında tərəfdaşlığa dair sənəd ha­zırlanması və bu sənəddə əsas müzakirə mövzusunun enerji və ticarət məsələləri olması siyasi fəal vətəndaşlarımıza bəllidir.

O da bəllidir ki, Azərbaycan AB ilə bərabərhüquqlu tərəfdaşdır və buna görə də öz vətən­daşlarının (o cümlədən hüquqi şəxslərin, şirkətlərin) çıxarlarını qorumalıdır. Buna görə də bə­rabərhüquqlu rəqabət mühitinin, başqa sözlə, daha dərin işbirliyi iqliminin formalaş­dı­rıl­ma­sına səylər göstərilir. Yəqin heç təsadüfi deyil ki, məhz bu məqam qəbul olunması nəzərdə tutan tərəfdaşlıq sənədinin əsas qayələrindən birini təşkil edir.

Bir daha o qənaəti bölüşürük ki, Prezidentin Brüsselə səfəri və keçirdiyi görüşlər respub­likamızla AB arasında tərəfdaşlığın möhkəmlənməsi baxımından önəm daşıyıb, ayrı-ayrı sa­hələr üzrə işbirliyi prioritetləri bir daha nəzrədən keçirilib.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət yalnız Azərbaycanın milli maraqlarına, ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət edir.

Dövlətimizin bayrağı uca olsun!

P.S. Brüssel şəhərinin adı, köhnə niderlandcadan çevirdikdə, "bataqlıq" ("bruoc")və (yenə köhnə niderlandcadan çevirdikdə, "məskən" ("sella") sözlərindən yaranıb, anlamı "bataq­lıq­da məskən" deməkdir; bizim Bakının anlamı isə "(Dənizə) Baxılan yer, "Ba(x)k+ı", "Hündür yer", "Müşahidə yeri" kimi yorumlana bilərsə də, daha çox "küləklər şəhəri" olaraq dillər əzbəridir. Ümidvaram, istər xarici, istərsə daxili "yanlışlıq ustaları", "önyarğılı"lar Brüssel bataqlığında batmadan, hadisələrə bir qədər ucadan (hündürdən) baxsalar, özlərinə də, ictimai fikrə də çox ziyan vurmamış olarlar...