“ABŞ qoşunların yerləşdirilməsi ilə bağlı körfəz dövlətlərinin razılığını alıb” – KİV yazır

19 May 2019 00:47 (UTC+04:00)

Səudiyyə Ərəbistanı və Fars körzəzində yerləşən digər ölkələr ABŞ-a öz ölkələrində ordu birləşmələrini və həmçinin, Fars körfəzinin özlərinə aid su ərazilərində gəmilər yerləşdirməyə icazə veriblər.

SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əş-Şərq əl-Ausat” qəzeti məlumat yayıb.

Məlumatda deyilir: “ABŞ qoşunların yerləşdirilməsi ilə bağlı körfəz dövlətlərindən razılıq alıb. Burada əsas rolu ABŞ-ın həmin dövlətlərlə olan ikitərəfli müqavilələri, həmçinin İranın istənilən düşmənçilik hərəkətindən onların qorunmaq istəyi oynayır. Lakin burada müharibədə iştirakdan söhbət getmir”.

Öz növbəsində, ərəb diplomatik mənbələri qəzetə bildiriblər ki, hazırda bir neçə ərəb dövləti may ayının sonunda Məkkədə keçiriləcək İslam dövlətlərinin sammiti zamanı regiondakı vəziyyəti müzakirə etmək üçün məhdud heyətlə görüş keçirilməsi üçün danışıqlar aparırlar.

Qeyd edək ki, ABŞ Fars körfəzində yaranmış gərginliklə əlaqədar “Avraam Linkoln” aviadaşıyıcısı da daxil olmaqla regiona 7 hərbi gəmi yerləşdirir. Həmçinin, regiona “Patriot” zenit-raket kompleksləri də yerləşdirilib.

Pentaqon İrandan qaynaqlanan təhlükənin artması səbəbindən ABŞ maraqlarını müdafiə etmək məqsədilə bu texnikanın Avraam Linkoln” aviadaşıyıcısının zərbə qrupuna və Yaxın Şərqdəki ABŞ Hərbi-Hava Qüvvələrinin tərkibinə daxil ediləcəyini bildirib. Lakin bu hərbi vasitələrin konkret olaraq hansı ölkənin sularında və ərazisində yerləşdiriləcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp cümə axşamı jurnalistlərə bildirib ki, İranla müharibənin olmayacağına ümid edir. Eyni zamanda, ardınca İranın Ali dini lideri Ayətullah Xameneyi bəyan edib ki, İran ABŞ-la müharibə etmək niyyətində deyil, lakin Tehran Vaşinqtona müqavimətini davam etdirəcək.

İranla müharibənin arzuolunmazlığını ABŞ-ın dövlət katibi Mayk Kompeo da deyib, lakin vurğulayıb ki, ABŞ milli maraqlarına təhlükə yaranacağı halda, Vaşinqton dərhal cavab verəcək.