"Dünya Bankının hesabatı Azərbaycanda aparılan islahatlar əlverişli nəticələrini göstərir" RƏY-ÖZƏL

18 May 2019 11:42 (UTC+04:00)

"Dünya Bankının "Doing Business-2019" hesabatı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etdiyini göstərir. Çünki iqtisadiyyat sağlam özəl sektor olmadan inkişaf edə bilməz". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

O bildirib ki, özəl sektor inkişaf etdikcə yeni iş yerləri yaranır, ölkə daxilində xərclənən və investisiya qoyula biləcək gəlir yaranır: "İqtisadi cəhətdən inkişafa diqqət yetirən hər bir ölkə kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək qanunların qəbul olunmasına və tənzimləmələrin tətbiqinə xüsusi diqqət yetirir. Səmərəli biznes tənzimləmələri kiçik sahibkarlara böyümək, innovativ fəaliyyət göstərmək və qeyri-qanuni fəaliyyətdən qanuni fəaliyyətə keçmək üçün imkan və stimul yaradır. Qanuni fəaliyyətlə məşğul olmaq asanlaşdıqca qeyri-qanuni fəaliyyət göstərmək çətinləşir və ya əksinə".

T. Mirkişili söyləyib ki, Dünya Bankının dərc etdiyi "Doing Business-2019" hesabatı 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan qanunvericilik aktlarını və onların tətbiq olunmasını obyektiv olaraq qiymətləndiməyə imkan verir: "Hesabat 11 indikator üzrə ölkələri təhlil etsə də, reytinq cədvəlində 10 indikatorun (əmək bazarının tənzimlənməsi indikatoru istisna olmaqla) göstəricilərindən istifadə olunur. "Doing Business-2018" hesabatında 57-ci yerdə qərarlaşan Azərbaycan "Doing Business-2019" hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşdı. Qeyd etmək lazımdı ki, Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran 10 ölkədən biri olub. Bu TOP-10 ölkələr əsasən biznesə başlamaq, kredit əldə etmək və vergi ödəmək sahələrində 62 islahat həyata keçirib".

Deputat vurğulayıb ki, bundan əlavə, Azərbaycan hesabatın 10 indikatorundan 8-də islahatlar həyata keçirərək öz mövqelərini yaxşılaşdırıb və islahatların sayında görə dünyada 1-ci olub: "Bakı Şəhər İcra Hakimiyyətində tikintiyə icazələrin "bir pəncərə" prinsipi ilə verilməsi, elektrik şəbəkəsinə qoşulmaları azaldan "ASAN kommunal" mərkəzlərinin açılması, yeni kredit bürosunun yaradılması kimi tədbirlər ölkəmizin hesabatda mövqelərini xeyli yaxşılaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və institusional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etməkdədir. Dünya Bankının apardığı təhlillərin nəticələri bunu bir daha göstərir. İslahatların dərinləşməsı və əhatəliliyinin artması ölkəmizdə biznes mühitini daha da inkişaf etdirməklə əhalinin rifah halının daha da yaxşılaşmasına imkan yaradacaq".