"25-ci yerə yüksəlməyimiz düzgün aparılan iqtisadi siyasətin nəticəsidir" ÖZƏL-MÜNASİBƏT

18 May 2019 10:31 (UTC+04:00)

“Dünya Bankının "Doing Business-2019" hesabatında Azərbaycanın 190 ölkə sırasında 25-ci yerə yüksəlməsini ilk növbədə düzgün aparılan iqtisadi siyasətlə əlaqələndirərdim”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın ənənəvi neft ölkəsidir: “Ancaq buna baxmayaraq müstəqillik əldə edildikdən, xüsusilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafına çox böyük diqqət yetirildi. Neftdən gələn gəlirlər Neft Fondunda toplandı və tədricən strateji layihələrin həyata keçirilməsinə yönəldi. Azərbaycanın ixracat imkanları dərindən öyrənildi. Bu gün ildən-ilə xarici ticarət dövriyyəmizdə qeyri-neft sektoru məhsullarının sayı artmaqdadır. Sahibkarlığın inkişafına diqqət yetirilməsi, vergi və gömrük sistemində qanunvericiliyə ciddi dəyişikliklərin edilməsi, sahibkarlığa dəstəyin şəxsən ölkə Prezidentinin diqqətində olması iqtisadiyyatın inkişafına, iş yerlərinin artmasına, insanların sosial vəziyyətinin yaxşılaşmasına gətirib çıxarır. Hesab edirəm ki, 25-ci yer Azərbaycan üçün hələ zirvə deyil. Aparılan islahatlar, atılan addımlar həmin reytinq cədvəlində illərlə daha yüksək nəticələr əldə etməyə imkan verəcək”.