Təxtənəkəran-Miki avtomobil yolunda torpaq sürüşməsi baş verib

16 May 2019 17:56 (UTC+04:00)

Astaranın dağlıq ərazisindən keçən, rayon mərkəzindən 40 kilometr uzaq məsafədə yerləşən Təxtənəkəran-Miki avtomobil yolunda torpaq sürüşməsi baş verib. SİA-nın Cənub bürosundan verilən xəbərə görə, yolda torpaq qatının sürüşərək hərəkət zolağını daraltması nəticəsində avtomobillər üçün bir sıra çətinliklər yaranıb.

Yerli sakinlərin sözlərinə görə, ötən il yolda müəyyən bərkitmə işləri görülsə də, bu, təsirsiz olub.

Astara Rayon Fövqalədə Hallar Komissiyasından verilən məlumata görə, hazırda yolda 49 nömrəli yol istismarı MMC-nin inşaatçıları tərəfindən təmir və bərpa işləri davam etdirilir.

Uzunluğu 5 kilometr olan Təxtənəkəran-Miki avtomobil yolu 2017-ci ilin dekabrında əsaslı təmir olunaraq istifadəyə verilib.