AMADA dünyada ilkə imza atıb - FOTOLAR

16 May 2019 18:04 (UTC+04:00)

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 13-14 may tarixlərində Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri (IBSA Judo Grand Prix Baku 2019) turnirində dopinqlə mübarizə sahəsində dünyada ilk olaraq innovativ təşviqat proqramını təqdim edib. AMADA-dan SİA-ya verilən məlumata görə, 36 ölkədən 400-dən çox qonağın iştirak etdiyi turnir üçün hazırlanan xüsusi təşviqat proqramı çərçivəsində Azərbaycan və İngilis dillərində Brayl əlifbasi ilə çap edilmiş üç növ məlumatlandırıcı materiallar və testlər hazırlanıb və paylanıb.

Həmçinin AMADA dünyada ilk dəfə olaraq görmə imkanları məhdud idmançılar üçün interaktiv audio əsaslı “iQuiz” antidopinq viktorina sistemini hazırlayıb. Beş sualdan ibarət bu xüsusi qurğu onların məhdud imkanlarını nəzərə alaraq dopinqlə mübarizə sahəsində biliklərini yoxlamağa imkan verir. Hər düzgün cavab bir “vazari” xalı, hər səhv cavab isə “şido” cəriməsi ilə nəticələnir. İki səhv cavab verən iştirakçı məğlub olur. Ən azı dörd sualı düzgün cavablandıran cüdoçü isə “ippon”, yəni qələbə qazanır.

Yarışda iştirak edən idmançılar, o cümlədən Azərbaycan idmanının əfsanəsi İlham Zəkiyev, eləcə də bir sıra milli və xarici idmançılar tədbirin keçirildiyi günlər ərzində antidopinq biliklərini nümayiş etdirərək AMADA-dan xüsusi hədiyyələr qazanıblar.