Bakıda bədii gimnastika üzrə AÇ-nin açılış mərasimi keçirilib

16 May 2019 18:19 (UTC+04:00)

Bu gün Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının təntənəli açılış mərasimi olub. SİA-nın məlumatına görə, əvvəlcə iştirakçı ölkələrin paradı keçirilib.

Çıxış edən Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov rəhbərlik etdiyi qurum adından yarış iştirakçılarını salamlayıb. Azərbaycanın artıq 4-cü dəfədir bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi etdiyini xatırladan F.Qayıbov ölkəmizdə idmanın bu növünün inkişafına görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya, həmçinin idmançılara və azarkeşlərə minnətdarlığını bildirib.

Sonra F.Qayıbov çempionatı açıq elan edib.

Əməkdar artist Sevda Ələkbərzadənin ifasında Azərbaycanın dövlət himni səsləndirilib və rəsmi hissəyə yekun vurulub.

Açılış mərasimi gimnastika üzrə milli komandalarımızın üzvlərinin və xareoqflarının iştirakı ilə “Bizim qəhrəmanlar” kompozisiyası ilə davam edib.

Kompozisiyanın süjet xəttində bir zamanlar paralel dünyada yaşayan iki qardaş – Su adam və Alov adam dayanıb. Rəvayətə görə, bir gün qardaşlar oyun oynayırlar. Bu oyun zamanı Su adam qardaşına qalib gələrək 8 medal qazanır. Qəzəblənən Alov adam qardaşını insanların dünyasına qovur. İnsanların dünyasında Su adam super qəhrəmanların komandası ilə tanış olur. Bu qəhrəmanlar ona öz dünyasına qayıtmağa və qardaşının ordusuna qalib gəlməyə kömək edirlər. Bu yaxşılığın qarşılığında Su adam qazandığı medalları intiqam almaqda ona kömək edən bütün döyüşçülərə paylayır, sonuncu medalı isə sülh və dostluq əlaməti olaraq, öz qardaşına - Alov adama verir. Səkkiz medal Avropa çempionatının 8 dəst medalını əks etdirir.

Qeyd edək ki, dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edirlər. Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.