Bakıda bədii gimnastika üzrə Avropa çempionatı başlayıb

16 May 2019 17:38 (UTC+04:00)

Bakıda 4-cü dəfə bədii gimnastika üzrə Avropa çempionatına start verilib. Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

SİA-nın məlumatına görə, yarışın ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə start verilib. Ertəsi gün yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Otuz beşinci Avropa çempionatın üçüncü günündə komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Turnirin sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastları müəyyənləşəcək.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edirlər.

Qeyd edək ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.