YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

16 May 2019 17:00 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev IV konfransdan ötən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.

Sonra konfrans iştirakçılarından Emin Paşayev, Eldar Dərişov, Elgiz Mirzəyev hesabat məruzəsi ətrafında çıxış edərək görülmüş işləri qənaətbəxş qiymətləndiriblər.

Çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov şəhər təşkilatının ötən illər ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb və bu tədbirlərdə xüsusən gənclərin aktiv fəaliyyətini müsbət qiymətləndirib.

Konfransda çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, Azərbaysan gəncliyi ölkəmizin inkişafı prosesində və uğurların qazanılmasında fəal iştirak edir. Onun sözlərinə görə, Mingəçevir şəhərində quruculuç işlərində də gənclər, o cümlədən YAP-ın üzvü olan gənclər yaxından iştirak edirlər.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında Azərbaycan gəncliyinin potensial imkanlarının ortaya qoyulması üçün dövlətin göstərdiyi diqqət və qayğıdan bəhs edib. Natiq Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində gənclərimizin qazandıqları nailiyyətlərdən danışıb.

Sonra təşkilati məsələlərə baxılıb. YAP Mingəçevir şəhər təşkilatının 37 nəfərdən ibarət Şura, 15 nəfərdən ibarət İdarə Heyəti müəyyənləşib. Bəxtiyar Mustafayev şəhər təşkilatı Gənclər Birliyinin sədri, Aytac Cavadova və Cavid Məmmədov isə sədr müavinləri seçilib.

Həmçinin, YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.