“AzerTelecom” şirkətinin Digital HUB proqramının imkanları müzakirə olunub

16 May 2019 16:58 (UTC+04:00)

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi "AzerTelecom" şirkəti və Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin birgə təşkilatçılığı ilə "Sənaye 4.0: Rəqəmsallaşma şəraitində təhsil və karyera" adlı tədbir keçirilib.

Tədbirdə tələbələrə dördüncü sənaye inqilabı şəraitində rəqəmsallaşma, Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün "AzerTelecom" şirkəti tərəfindən icra edilən "Azerbaijan Digital Hub" proqramı və onun ölkəmiz üçün üstünlükləri, rəqəmsallaşma dövründə gənclərin təhsili və karyera seçimi barəsində faydalı fikir mübadiləsi aparılıb.

"AzerTelecom" şirkətinin Baş icraçı direktoru Fuad Allahverdiyev çıxışında rəqəmsallaşma şəraitində gənclərin qarşısında mühüm imkanların açıldığını bildirib, ölkəmizin rəqəmsal mərkəzə çevrilməsi üçün "AzerTelecom" şirkətinin icra etdiyi "Azerbaijan Digital Hub" proqramı barəsində ətraflı danışıb. F.Allahverdiyev "Digital HUB" proqramının ölkə iqtisadiyyatı, xüsusilə də informasiya və kommunikasiya texnologiyaları sektorunun davamlı inkişafı üçün yaradacağı imkanlardan bəhs edib, IT sahəsi üzrə ölkədə gənc kadrlara böyük tələbatın olduğunu, "Digital HUB" proqramının əsas məqsədlərindən birinin də məhz IT sahəsində yerli kadrların yetişdirilməsi, yeni iş yerlərinin açılması, ölkədən beyin axının qarşısının alınması olduğunu qeyd edib. O ixtisaslı kadrların yetişdirilməsi üçün özəl sektorun təhsil müəssisələri ilə sıx əməkdaşlığının vacibliyini vurğulayıb.

Digər çıxış edənlər - Azərbaycan Texniki Universitetinin kaferda müdiri, professor Mehman Həsənov, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru Bəxtiyar Bəxtiyarov, tanınmış biznes kouç, təlimçi və həkim-psixiatr Həlimə Qəmərlinskaya, tədbirin moderatoru, kollecin müəllimi Oqtay Əliyev və insan resurslarının idarə edilməsi sahəsində digər tanınmış ekspertlər İKT sahəsində müasir trendlər, tələbələrin düzgün ixtisas seçimi mövzularında danışıblar, həmçinin kolleclə "AzerTelecom" şirkəti arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.

"AzerTelecom" şirkəti Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir. "AzerTelecom" hazırda Azərbaycanın sahib olduğu enerji və nəqliyyat mərkəzi statuslarına əlavə olaraq ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" proqramını icra edir. "Digital Hub" proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün rəqəmsal mərkəzə çevirməkdir.