Gənclərin ictimai həyatda fəallığı artır

16 May 2019 16:42 (UTC+04:00)

"Gənc nəsil onun qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün bütün gücünü səfərbər edib". Bu fikri "Səs" qəzetinə açıqlamasında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbəsi Yeganə Cavadova bildirib. O, qeyd edib ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün Cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycan Prezidenti İlham Əliyevin "I və II dərəcə əlilliyi olan şəxslərin, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında" Sərəncamı I və II dərəcə əlilliyi olan şəxslərin, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsilə əlçatanlığını təmin etmək və onların təhsil almaq imkanlarını genişləndirmək məqsədini özündə ehtiva edir. Bundan başqa, dövlət başçısı doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Sərəncam imzalamışdır. Sərəncam nəticəsində, tələbələrin təqaüdlərinin artırılması nəticəsində, onlarda stimul yaranmışdır".
Qloballaşma prosesi və mədəniyyət arasında fərqlərin sürətlə aradan qalxdığı, milli identikliyin qorunmasının xeyli mürəkkəbləşdiyi indiki dövrdə gənc nəslin narkomaniya, alkoqolizm və digər mənfi təsirlərdən uzaq qalması, infeksion və qeyri-infeksion xəstəliklərdən müdafiəsi, psixoaktiv maddələrin qəbulunun qarşısının alınması həyati vacib bir məsələ kimi qarşıya çıxır. Y.Cavadova bu məqsədlə müvafiq dövlət qurumları qarşısında maarifləndirmə tədbirlərinin aparılması ilə bağlı vəzifələr qoyulduğunu diqqətə çatdırıb. Mühüm istiqamətlərdən biri də sosial müdafiəyə ehtiyacı olan gənclərin səhiyyə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsidir. Onun sözlərinə görə, bundan başqa, bu kateqoriyadan olan gənclərin mədəni-kütləvi idman tədbirlərinə cəlb edilməsi gənclərə diqqət və qayğının təzahürüdür: "Son zamanlar təkcə paytaxtda deyil, regionda yaşayan gənclərin məşğulluq məsələlərinə xüsusi həssaslıq göstərilir. Dövlət strukturları istedadlı gənclərin üzə çıxarılması, habelə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə yardımların göstərilməsi ilə bağlı bir sıra tədbirlər görməkdədir. Bu sahədə yardım yalnız maddi xarakter daşımır, gənclər üçün peşə məsləhətlərinə və karyera inkişafına dair metodiki vəsaitlərin hazırlanması və məsləhət xidmətlərinin təşkili də məşğulluq problemlərinin həllində özünəməxsus rol oynayır".
Y.Cavadova gənclərlə iş sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi və gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması üçün mühüm tədbirlər görüldüyünü, gənclərin geniş fəaliyyət azadlığının təmin olunuğunu da bildirdi. Ölkə gəncləri də vətən və dövlət qarşısındakı məsuliyyətini lazımınca dərk edərək, bu imkanlardan bacarıqla yararlanırlar.

Nəzakət ƏLƏDDİNQIZI