YAP-da sərgi iştirakçılarına fəxri fərmanlar təqdim olunub TƏDBİR-VİDEO-FOTOLAR-YENİLƏNİB

16 May 2019 16:38 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının mərkəzi qərərgahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş gənc rəssamların sərgisində iştirak edən rəssamların təltif olunması mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov gənc rəssamların sərgisinin böyük marağa səbəb olduğunu və çoxsaylı insanlar, o cümlədən partiyamızın üzvləri tərəfindən izlənildiyini bildirib. O, sərginin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Əli Əhmədov qeyd edib ki, sərgidə dünyada tanınmış rəssam Sakit Məmmədovun tələbələrinin əsərləri təqdim olunub. Bu yaxınlarda Sakit Məmmədovun rəsm əsərlərinin Böyük Britaniyanın Kral Sarayında nümayiş etdirildiyini deyən YAP İcra katibi söyləyib ki, azərbaycanlı rəssam bütövlükdə ölkəmizinin mədəniyyətini və incəsənətini, Azərbaycan həqiqətlərini dünyaya təqdim edir.

Əli Əhmədov qeyd edib ki, dövlətimizin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi böyük diqqət və qayğı nəticəsində ölkəmizdə çox istedadlı yaradıcı insanlar formalaşıb: “Onların əsərləri dünya miqyasında tanınır. Bu fakt bilavasitə ölkəmizin təbliğatında da mühüm rol oynayır”.

Sərginin YAP-da keçirilməsinin əhəmiyyətindən danışan Əli Əhmədov deyib ki, bu fakt gənc rəssamların və onların əsərlərinin daha geniş şəkildə tanınmasına xidmət edəcək. Eləcə də, YAP gənc incəsənət adamlarının yaradıcılıq işlərinin bundan sonra da təbliğ olunması işinə dəstək verməyə hazırdır: “Bu tədbir, YAP ilə gənc rəssamların, mədəniyyət və incəsənət adamlarının əməkdaşlığı kimi nəzərdən keçirilə bilər. Biz mədəniyyət və incənətə dəstək göstərməyə çalışırıq. Bu sərgi də gənc rəssamların tanıdılması və təbliğ olunması baxımından əhəmiyyətlidir. Sərgidə əsərləri təqdim olunan gənc rəssamların böyük gələcəyi var. Bu sərgi onların daha da tanınmasına dəstək verəcək. İnanıram ki, gələcəkdə böyük, məşhur rəssamların arasında onların da adı olacaq”.

Sonra gənc rəssamlara Yeni Azərbaycan Partiyasının fəxri fərmanları təqdim olunub.