Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib

16 May 2019 12:13 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində ABŞ-ın Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüş keçirilib.

Komitədən SİA-ya verilən məlumata görə, görüşdə Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov, İstintaq və Təhqiqat İdarəsinin rəisi Ülvi Zülfüqarov, Xarici tərəfdaşlarla əməkdaşlıq şöbəsinin rəisi Azad Vəliyev ABŞ-ın Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Ceyson Kaunas, Coşua Evans və Adnan Mert iştirak ediblər.

Qonaqları səmimiyyətlə salamlayan Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov iki ölkənin gömrük orqanları arasındakı qarşılıqlı əməkdaşlıqdan məmnunluqla bəhs edib və işgüzar, səmərəli münasibətlərin daha da inkişaf etdirilməsinin faydalarından danışıb.

Baş İdarə rəisi qonaqlara son zamanlar ölkəmizdə gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verib və tətbiq edilən yeniliklərin hüquqpozmalara qarşı mübarizə sahəsində də səmərəliliyinin artırılmasına təkan verdiyini diqqətə çatdırıb.

Eyni zamanda görüşdə cari ilin müvafiq dövründə Azərbaycan gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əldə edilən uğurlu nəticələr, bu sahədə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.