“İslamda oruc ibadəti” mövzusunda seminar keçirilib FOTOLAR

16 May 2019 10:08 (UTC+04:00)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazovun təqdimatında “İslamda oruc ibadəti” mövzusunda seminar təşkil olunub. SİA-nın verdiyi məlumata görə, Aİİ İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov tədbir iştirakçılarını salamlayaraq, ali təhsil müəssisəsində tədrisin yüksək səviyyədə təşkili ilə yanaşı, tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi məqsədilə müxtəlif mövzularda ardıcıl təşkil olunan “dəyirmi masa”lar, seminarlar, treninqlər və görüşlərin xüsusi rol oynadığını bildirib.

“İslamda oruc ibadəti” mövzusunda çıxış edən Ə.Niyazov Ramazan ayı haqqında geniş məlumat verib. Bildirib ki, İslamdan əvvəl də oruc bütün ilahi dinlərdə mövcud olmuşdur. Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu diqqətə çatdıran Ə.Niyazov bu ayın insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını qeyd edib. Ramazan ayı cəmiyyətin fərdləri arasındakı əlaqənin gücləndirilməsində də xüsusi əhəmiyyətə malikdir.

Ə.Niyazov ictimai sosial ədalətin yerinə yetirilməsi baxımından Ramazan ayını insanlar üçün bir fürsət kimi dəyərləndirib. Vurğulayıb ki, digər ibadətlərdə olduğu kimi, orucun da zahiri və batini tərəfləri mövcuddur. Bu ibadətin zahiri tərəfi sübh namazı vaxtının başlanmasından axşam namazına qədər olan müddətdə yemək, içmək və məhrəm münasibətdən uzaq durmaqdır. Orucun batini-mənəvi yönü isə İslamın əxlaqi prinsiplərinə əməl edərək, ruhun və mənəviyyatın tərbiyə olunmasıdır.

Ə.Niyazov bildirib ki, orucun əsas məqsədlərindən biri aclığın və yoxsulluğun səbəb olduğu bioloji və psixoloji vəziyyəti yaşamaqdır.

Cəmiyyətin vəhdətini təmin edən əsas amillərdən biri də insanların bir-birinə qarşı səbirlə davranmaları, müxtəlif fikirlərə dözümlə yanaşmalarıdır.

Seminar maraqlı müzakirələrlə və suallarla davam edib.