Darxan Kıdıralı: Türk Şurasının təməli Naxçıvanda qoyulub

16 May 2019 00:20 (UTC+04:00)

Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib. Bu il həm də Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyidir. Bu Forum məhz bu tədbirlərə həsr edilib. İmadəddin Nəsiminin əsərləri tərcümə edilərək nəşr olunub.

Bu fikirləri Parisdə UNESCO-nun mənzil qərargahında qurumun himayədarlığı ilə keçirilən “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” mövzusunda Forumda iştirak edən Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdıralı AZƏRTAC-a müsahibəsində söyləyib.

BTA prezidenti deyib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında (Türk Şurası) Azərbaycanın xüsusi rolu var. Təməli 10 il əvvəl Naxçıvanda qoyulmuş Türk Şurasının bu il 10 yaşını qeyd edirik. Azərbaycandan başlayan əməkdaşlıq bu gün UNESCO kimi nüfuzlu təşkilatda davam edir. Türk dünyamızın tarixi, mədəniyyəti, ortaq miraslarımızla bağlı araşdırmaların aparılması böyük önəm daşıyır. Bugünkü nailiyyətlərimiz Naxçıvan prosesinin uğurla davam etməsinin bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Türk Akademiyasının (BTA) UNESCO-nun mənzil qərargahında konfrans, forum təşkil etməsi artıq ənənəyə çevrilib. Əvvəlki illərdə Dədə Qorqud, türk dili, türk ədəbiyyatına dair tədbirlər keçirilib. Türk Akademiyası bu Forumu böyük mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650, Balasaqunlu Yusif Xas Hacibin “Kutadqu Bilik” əsərinin yazılmasının 950, böyük türkoloq Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyləri, Mustafa Kamal Atatürkün Qurtuluş mübarizəsini başlatmasının 100 illiyinə həsr edib.