Azərbaycan nümayəndə heyəti AOK-un iclasında və seminarında iştirak edəcək

15 May 2019 16:28 (UTC+04:00)

Mayın 17-19-da Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin iclası və seminarı keçiriləcək. Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə ölkəmizi AOK İcraiyyə Komitəsinin üzvü, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un marketinq idarəsinin direktoru Mehman Kərimov təmsil edəcəklər.

Mayın 17-də Ç.Hüseynzadə İcraiyyə Komitəsinin iclasında iştirak edəcək. İclasda AOK-un prezidenti Janez Koçijançiçin, baş katib Rafael Paqnozzinin, Milli Olimpiya Komitələri Assosiyasiyasının baş katibi Qunilla Lindberqin də iştirakı gözlənilir.

Mayın 18-19-da isə Avropa Olimpiya Komitəsinin 39-cu seminarı işə başlayacaq. Seminar çərçivəsində Olimpiya idman növləri, sosial inteqrasiya, qadın və idman, idmanda texnologiya və s. mövzular üzrə çıxışlar ediləcək.

Həmçinin 2020-ci il Tokio və 2024-cü il Paris Olimpiya Oyunlarının Təşkilat komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. “Minsk 2019” ikinci Avropa Oyunları, “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalı ilə bağlı da məruzələr dinləniləcək. 


AOK-un seminarı çərçivəsində qış idman növləri üzrə “Pyotr Nurovski - Avropanın ən yaxşı gənc idmançısı” mükafatı təqdim olunacaq.