Astarada ilin birinci rübünün nəticələri müzakirə olunub

15 May 2019 12:26 (UTC+04:00)

Astara rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. Yığıncaqda rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, inzibati dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, aprelin 30-da möhtərəm prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirib. İclasda geniş nitq söyləyən dövlət başçısı ötən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başladığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirib.

Bildirib ki, 2019-cu ilin I rübündə Astarada da xeyli iş görülüb. Yerli gəlir və xərclərin icrası tam həyata keçirilmiş, ümumi məhsul və xidmətlərin həcmi 33 milyon manat olub.

Tikinti-abadlıq və quruculuq sahəsində də rayonda müəyyən işlər görülüb. Hazırda 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi üçün yeni binanın, Ərçivan qəsəbəsində çəltik dəyirmanının, Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi və uzunluğu 11.6 km olan, 6 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun yenidən qurulması işlərinə başlanmış, hazırda işlər davam etdirilir. Şəmətük kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binasının tikintisi və beynəlxalq inkişaf agentliyinin dəstəyi və kənd icmasının köməkliyi ilə Kijəbə qəsəbəsi ərazisində 150 ev təsərrüfatının suvarma suyuna olan tələbatını ödəmək məqsədi ilə su xəttinin çəkilişi başa çatdırılıb. Motalayataq kənd tibb məntəqəsi üçün yeni binanın tikintisinə başlanılıb. Yaşayış üçün yararsız olan Astara rayonunun Kələdəhnə ərazisində keçmiş peşə məktəbinə məxsus yataqxana binalarında yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həmin yataqxana binaları Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülüb, orada təmir bərpa işlərinə başlanıb.

Rayonda aqrar sahənin inkişafına da diqqətlə yanaşılıb. Əkin üçün şum işləri aparılmış, müxtəlif növdə payızlıq və yazlıq bitkiləri əkilmişdir. Həmçinin bələdiyyə və meşə torpaqlarında sitrus, tut və fındıq əkininə yararlı torpaqlar müəyyənləşdirilmiş və əkinə cəlb edilib.

Son illər rayonda sitrus və subtropik meyvə bağlarının salınmasına diqqət artıb. Bu sahə ilə məşğul olan fermer və fiziki şəxslərə hərtərəfli diqqət və dəstək verilib. Hazırda rayon üzrə sitrus və subtropik meyvə bağlarının ümumi sahəsi 4 min hektara yaxındır.

Rayon sakinlərinin əsas məşğuliyyət sahələrindən biri də heyvandarlıqdır. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və yeni damazlıq heyvanların alınması istiqamətində mühüm işlər görülmüş, o cümlədən aztəminatlı ailələr özünüməşğulluq layihəsi çərçivəsində iri və xırdabuynuzlu mal-qara ilə təmin olunub

Sel sularının axıdılması, suvarma mövsümündə çəltik və digər əkin sahələrini dayanıqlı suvarma suyu ilə təmin etmək məqsədi ilə ilin əvvəlindən başlayaraq kanalların təmizlənilməsi ilə bağlı bir sıra işlər görülmüşdür. Alaşa, Təngərüd, Ərçivan və digər ərazilərdə təsərrüfatlararası kanallarda lildən təmizlənmə işləri aparılıb. Bundan əlavə çaylarda sel sularının təhlükəsiz axıdılması və vura biləcəyi ziyanın qarşısını almaq məqsədi ilə ilin birinci rübündə Astaraçayda 350 paqonu metr məcra təmizləmə işləri görülmüş, Pensərçayda isə 220 paqonu metr sahil mühafizə bəndi tikilib.

Rayon Məşğulluq Mərkəzində 732 nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb. Onların 53 nəfəri qaz istismar sahəsində, 45 nəfəri elektrik şəbəkəsində, 20 nəfəri Astara Elektrik Stansiyasında, 20 nəfəri Fövqəlada Hallar Nazirliyinin müvafiq hərbi birləşmələrində, 345 nəfəri isə DOST İş Mərkəzi MMC-də işlə təmin olunublar. Aztəminatlı ailələrdən olan işaxtaran və işsiz vətəndaşlardan 18 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilib.

Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüş, qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini verib.

Məruzə ətrafında Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov, Astara Elektrik Şəbəkəsinin rəisi Namiq Quliyev, 49 nömrəli Yol İstismarı MMC-nin rəisi Qurban Əliyev və başqaları çıxış ediblər.

Şura iclasında iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxış edərək cənab Prezidentin rəhbərliyi altında son 15 ildə görülmüş işlər barədə geniş məlumat verib.

Sərraf Mirsəfəroğlu