Mayın 19-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

13 May 2019 10:10 (UTC+04:00)

Mayın 19-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən məlumata görə, qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçünhttp://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.