Bu xəstəlik 40 yaşından sonra xanımların kabusuna çevrilir!

28 Aprel 2019 05:03 (UTC+04:00)

Uşaqlıq sallanması qarın daxilində fiksasiya edən bağların xüsusiyyətlərini itirməsi səbəbi ilə aşağıya - vaginaya doğru yer dəyişdirməsidir.

Əksər hallarda sadəcə uşaqlıq deyil, onun önündə yerləşən sidik kisəsi və arxasında yoğun bağırsağın son hissəsi də uşaqlıqla birlikdə sallanır. Normalda bu orqanlar onları fiksasiya edən bağların sayəsində, ancaq məhdud şəkildə hərəkət edə bilirlər. Yaş artdıqca və xüsusilə doğuşların sayı artdıqca bu bağlar xüsusiyyətlərini itirir və bu səbəbdən genital (cinsi) orqanların vagina daxilinə sallanmasına səbəb ola bilirlər. Bəzən sallanma o dərəcədə bəlli olur ki, qadın vagina girişində uşaqlıq boynunu əli ilə hiss edə bilir. Bəzi hallarda uşaqlıq vaginanın xaricinə də çıxa bilir.

Sidik kisəsi sallanması vaginanın ön divarı ilə qonşu olan sidik kisəsinin vagina içərisində qabarmasına verilən addır (sistosele). Bu vəziyyət də əsasən öskürmə, asqırma, ağır əşya qaldırma kimi qarın daxili təzyiqi artıran hallarda qadının vagina daxilində qabaran sidik kisəsini əli ilə hiss etməsinə səbəb olur. Bu şikayətə bəzi hallarda sidik saxlamazlıq da qoşulur. Sidik saxlamazlıq problemi ən yüngül formada yalnız öskürmə, asqırma və gücənmə hallarında ortaya çıxır. Sallanmanın şiddətinin artması ilə birlikdə gülmə, cinsi əlaqə, hətta ayaq üstdə durma kimi vəziyyətlərdə də sidik saxlamazlıq ortaya çıxır. Sidik kisəsi sallanmasının ağırlaşmış vəziyyətləri sidik kisəsi ilə uretra adlanan sidiyi kisədən xarici mühitə ötürən kanal arasında bucağın pozulmasına və beləliklə, sidik saxlamazlıq şikayətinin ortaya çıxmasına səbəb olur. Ən ağır və çox nadir hallarda sidiyi saxlamaq heç mümkün olmur və sidik kisəsinə gələn sidik burada toplanmadan birbaşa xaricə boşalır. Yalnız uşaqlıq sallanması olduqda qadının xüsusilə ayaq üstdə durduğu, öskürdüyü, asqırdığı və gücəndiyi hallar ağrı və aşağı nahiyədə yad cisim hissiyyatının yaranmasına səbəb olur.

Yoğun bağırsağın son hissəsi olan düz bağırsağın (rektum) sallanması isə vaginanın arxa divarının vaginadan bayıra qabarmasıdır (rektosele). Rektum sallanması çox hallarda xüsusi bir problem yaratmamaqla birlikdə, qəbizlik şikayətinin yaranmasına səbəb ola bilər. Genital (cinsiyyət) orqanlarda sallanma problemi yaşayan qadınların digər şikayəti də çətin keçmiş doğuşlarda ortaya çıxan yırtıqların vaginada genişlənmə probleminə yol açmasıdır. Bu vəziyyət qadının həyat yoldaşı ilə cinsi həyatında problemlər yaşamasına, cütlüyün əvvəlki kimi cinsi həyatdan zövq almamasına səbəb ola bilər. Genital (cinsiyyət) orqanlarda sallanma xüsusilə çoxlu sayda və çətin doğuş keçirən qadınlarda görünür. Uzun müddət davam edən doğuşlar genital orqanları yerində saxlayan bağların uzanıb gərilməsi, bəzi yerlərdən cırılması və beləliklə, orqanları yerində saxlama funksiyalarının azalması ilə nəticələnir.

Kesar kəsiyi üsulu ilə doğuşu olan və heç doğuş keçirməyən qadınlarda isə sallanma çox nadir görünür. Genital (cinsiyyət) orqan sallanmaları nadir hallarda tək görünür. Uşaqlıq sallanması tez-tez sidik kisəsi, düz bağırsağın sallanması və sidik saxlamazlıq şikayəti ilə bərabər görünür.

Diaqnoz necə qoyulur?

Cinsiyyət orqanları sallanmasının diaqnozu heç bir problemi olmayan bir qadında təsadüfən aşkarlana bildiyi kimi, tez-tez sidik saxlamazlıq və ya "aşağı nahiyədə yad cisim hissiyyatı" yaşayan bir qadının ginekoloji müayinəsi əsnasında sallanmanın asanlıqla görünməsi ilə qoyulur.

Müalicə üsulları

Uşaqlıq sallanmasının müalicəsi qadının yaşına, xəstəliyin dərəcəsinə, qadının ümumi sağlamlıq vəziyyətinə və gələcəkdə uşaq dünyaya gətirmək istəyib-istəməməsinə görə dəyişir. Gələcəkdə bu problemin inkişaf etməsinin qarşısı müntəzəm Kegel məşqləri adlanan vagina ətrafındakı və aralıq əzələlərini möhkəmləndirmə məşqləri edilərək qismən də olsa alına bilər. Ailəsini tamamlayan bir qadında genital (cinsiyyət) orqan sallanması halında tətbiq olunan müalicə metodu əksər hallarda uşaqlığın vagina tərəfdən çıxarılması, vaginanın ön və arxa divarlarındakı artıq toxumaların çıxarılaraq daraldılması şəklindədir. Vaginanın daraldılması əməliyyatı keçirən qadınlar hamilə olarsa, normal doğuş yerinə kesar kəsiyi əməliyyatı etməlidirlər. Sidik saxlamazlıq şikayətinin müalicə edilməsi üçün bir qədər fərqli əməliyyat texnikaları istifadə oluna bilər.
Reproduktiv dövrdə olan və doğuş etməyi düşünən, ya da ailəsini tamamlasa belə, uşaqlığın çıxarılmasını qəbul etməyən bir qadında isə uşaqlıq xaric edilmədən, yalnız vaginanın ön və arxa divarlarındakı artıq toxuma götürülərək genişlənmənin bərpası, yəni vaginanın daraldılması həyata keçirilir. Beləliklə, doğuşdan sonra vagina genişlənməsi problemi olan qadınların şikayətləri azalacaq və cinsi həyatdakı problemlər əvvəlkinə nisbətən azalacaq. Vaginanın daraldılması əməliyyatına tibdə vaqinoplastika adı verilib. Uşaqlıq sallanmasının bəlli olan formalarında qarın boşluğu açılaraq, uşaqlığı yerində saxlayan bağlar tapılaraq bu bağların yuxarı çəkilməsi və beləliklə, uşaqlığın alınmaması mümkündür.

Edilən əməliyyatın növünə və həyata keçirən cərrahın texnikasına bağlı olaraq nadir də olsa təkrarlanma riski ortaya çıxa bilər. Bu problem xəstənin toxuma xüsusiyyətlərinə bağlı olan bir problemdir. Təkrarlanma olarsa, vaginal (altdan) və ya laparoskopik olaraq sallanan toxumaları dəstəkləyən torlarla (mesh ilə) bərpası aparıla bilər.

Turab Canbaxışov, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri