Azər Badamov: “ABŞ və Fransa bilir ki, Dağlıq Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir”

24 Aprel 2019 17:33 (UTC+04:00)

Millət vəkili Azər Badamovun SİA-ya müsahibəsi

- Azər müəllim, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı xarici işlər nazirlərinin görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşünün keçirilməsi nəzərdə tutulur. Sizcə, bu kimi görüşlər münaqişənin həllinə necə təsir göstərəcək?

- Düşünürəm ki, görüşlərin intensivləşməsi Dağlıq Qarabağ münaqişəsinin həllində yeni dönəmin başlandığının göstəricisidir. Çünki son zamanlar münaqişənin həllinə yaxınlaşmasına cəhdlər olduğunu görürük. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Paşinyan çalışırdı ki, danışıqlar bir başa separatçı rejimin rəhbəri ilə aparılsın. Amma Azərbaycan prezidentinin iradəsi və qətiyyəti Paşinyana danışıqların Azərbaycanla Ermənistan arasında aparılmasından başqa bir alternativin olmadığını göstərdi. İndi isə görüşlərin tez-tez keçirilməsi münaqişənin həllini yaxınlaşdırır. Xarici işlər nazirləri, prezidentlər tez-tez görüşməlidirlər ki, ümumi bir razılıq əldə olunsun.

- Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşkil olunan rəsmi görüşlərin böyük əksəriyyəti Rusiyanın vasitəsi ilə reallaşır. Bu anlama gəlmir ki, Rusiya daha çox münaqişənin həllində konstruktiv mövqe sərgiləyir?

- Rusiya münaqişənin həllinə birbaşa təsir edə bilən tərəfdir. Rusiya həm ATƏT-in Minsk Qrupun həmsədridir, həm də Ermənistanda Rusiya hərbi bazası var və Ermənistanın iqtisadiyyatını Rusiya idarə edir. Rusiyanın prezidenti və Valentina Matvenkonun Bakıya səfəri zamanı verdiyi bəyanatlarda da Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya rolunu artıracağını demişdi. Danışıqlar prosesinin aktivləşməsini də məhz Rusiyanın dəstəyi ilə baş verdiyini düşünürəm. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, Rusiya konstruktiv mövqe sərgiləməyə başlamışdır.

- Rusiyadan fərqli olaraq, ABŞ və Fransa münaqişənin həlli ilə bağlı passiv mövqedədirlər. Bu nədən irəli gəlir?

- ABŞ və Fransa münaqişənin həllində həmişə passivlik göstərmişdir. Çünki, ABŞ və Fransa bilir ki, Dağlıq Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir. ABŞ və Fransadan olan həmsədrlər problemə rəsmiyyət xatirinə yanaşır. Ona görə də uzun illərdir ki, münaqişəyə son qoydurmaq istiqamətində heç bir nəticə ortada yoxdur. Düşünürəm ki, münaqişə ancaq Rusiyanın gücü ilə həll oluna bilər. İkinci variant isə müharibədir. Ona da biz hazırıq.

GÜLYANƏ