“Qəbələ” “Qarabağ”ı məğlub edib

23 Aprel 2019 19:18 (UTC+04:00)

Futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinə start verilib. Mərhələnin açılış görüşündə “Qəbələ” doğma azarkeşlər önündə “Qarabağ” klubunu qəbul edib. Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb – 1:0. Oyunda yeganə qolu matçın 72-ci dəqiqəsində Ceyms Adeniyi vurub.

“Qəbələ” dörddədir finalda “Sabah”ı, Ağdam təmsilçisi isə kubokun son qalibi “Keşlə”ni mübarizədən kənarlaşdırıb.

Ölkə kubokunda 5-ci dəfə yolları kəsişən rəqiblər ilk dəfə yarımfinalda görüşüblər. Komandalar indiyədək 3 dəfə dörddəbir final, bir dəfə finalda üz-üzə gəliblər. Üç dəfə Ağdam təmsilçisi, bir dəfə isə meydan sahibləri dueldən qalib ayrılıblar. Dörd dueldəki 7 oyundan beşi heç-heçə ilə yekunlaşıb. Topların fərqində də “Qarabağ”ın üstünlüyü var - 6:5. Bu komandaların arasında cavab oyunu mayın 1-də keçiriləcək.