Azərbaycanlı sahibkar və menecerlər Almaniyada ixtisasartırma kursu keçib

23 Aprel 2019 17:42 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətləri təmsil edən 17 sahibkar və menecer Almaniyada ixtisasartırma kursunu uğurla başa çatdırıb. SİA İqtisadiyyat Nazirliyinin məlumatına istinadən xəbər verir ki, "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində sahibkar və menecerlərimiz martın 25-dən aprelin 19-dək Almaniyanın Hamburq şəhərində yerləşən "Beynəlxalq Akademiya" Tədris Mərkəzində təlim, istehsal müəssisələrində isə təcrübə keçiblər.

Təlim müddətində sahibkar və menecerlərin Almaniyanın "KIN" Qida İnstitutuna səfəri təşkil edilib, kənd təsərrüfatı, meşəçilik, kimya sənayesi sahələrində fəaliyyət göstərən alman şirkətlərində görüşlər keçirilib.

Təlim müddətində, həmçinin hər iki ölkənin adət-ənənələri ilə tanışlıq məqsədilə mədəni tədbirlər də təşkil olunub.
Qeyd edək ki, indiyədək 402 sahibkar və menecer İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında anlaşma memorandumuna uyğun olaraq, "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.
İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 20 sahibkar və menecerdən ibarət növbəti qrup iyunun 11-dən iyulun 6-dək Almaniyada təlim və təcrübə keçəcək.