Universitetdə Nəsimi yaradıcılığı - TƏDBİR

23 Aprel 2019 13:58 (UTC+04:00)

Bakı Mühəndislik Universitetində (BMU) böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Yubiley tədbirində ali məktəbin tələbə-müəllim heyəti ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu da iştirak edib. SİA-nın məlumatına görə, əvvəlcə iştirakçılar universitetin foyesində İmadəddin Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgi ilə tanış olublar.

BMU-nun Akt zalında keçirilən tədbir şairin həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə başlayıb. Universitetin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar respublikamızın hər yerində yüksək səviyyəli tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Rektor gənclərin xalqımızın tarixi şəxsiyyətlərini yaxından tanıması baxımından ali təhsil müəssisələrində belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, sovet dövründə Nəsiminin 600 illik yubileyinin keçirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub.

Daha sonra çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu hər bir xalqın dünyada tarixi şəxsiyyətləri ilə tanındığını, xalqımızı dünyada tanıdanlardan birinin də Nəsimi olduğunu qeyd edib. O, İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Tədbirin bədii hissəsində universitet tələbələrinin ifasında Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.